“Azərbaycanın MDB məkanındakı yeri və rolu hər zaman xüsusi önəm kəsb edib və biz birliyin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısında bu gerçəkliyin növbəti dəfə şahidi olduq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin zirvə çərçivəsində Rusiyaya səfəri barədə Teleqraf.com-a danışarkən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O xatırladıb ki, zirvə toplantısında Azərbaycanın əhəmiyyətini bir sıra diqqət çəkən məqamlar təşkil edib:
“Xüsusilə, Marinskiy teatrında təqdim edilən tamaşa zamanı digər MDB ölkə rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə eyni sırada və sağ tərəfində əyləşməsi qarşı tərəfin ona göstərdiyi sayğı və ehtiramın bariz göstəricisi kimi qiymətləndirilməlidir.
Yəni həm siyasi baxımdan, həm də şəxsi nöqteyi-nəzərdən cənab Vladimir Putinin İlham Əliyev cənablarına bu münasibəti xüsusi ehtiramın nümayişidir. Halbuki Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sıranın sonunda və mühafizəçilərə yaxın yerdə əyləşdirilmişdi və bu fakt medianın da gözündən yayınmadı. Bunun isə əlbəttə ki, bir sıra səbəbləri də var.
Bu, ilk növbədə Ermənistanın mövcud hakimiyyətinin siyasi diplomatiyası və xarici siyasətində buraxdığı köklü səhvlərin növbəti təzahürləridir”.
Bəhruz Quliyev əlavə edib ki, bütün bunların təməlində dayanan əsas faktor bu ölkənin işğalçılıq siyasəti yürütməsidir: “Eyni zamanda, “məxməri inqilab” deyilən idarəolunmuş bir siyasi proses vasitəsi ilə ortaya atılan Paşinyanın və ətrafının ilk günlərdən anti-Rusiya xarakterli çıxışlar etməsi də onun Santk-Peterburqda düşdüyü ağır duruma açıq dəlalətdir.
Ermənistanın Avrasiya İttifaqı və KTMT-də rüsvayçılığa uğraması, həmçinin, Nikol Paşinyanın heç bir siyasi-diplomatik, eləcə də çəkisi olan ölkə rəhbərləri tərəfindən sərt şəkildə qınanılması onun ölkəsinin nüfuzunun daha da aşağıya düşməsinə səbəb oldu”.
Bəhruz Quliyev əlavə edib ki, qeyri-rəsmi Zirvə toplantısında cılız və gərəksiz Ermənistan rəhbərliyi qarşısında praqmatik baxışlara söykənən xarizmatik Azərbaycan lideri dayanmışdı: “Bu məqamın təhlilini apararkən o nəticəyə gələ bilərik ki, Prezident İlham Əliyev diplomatik baxımından məhz öz strategiyasını müəyyənləşdirir və bu strategiya istər bu, istərsə də digər beynəlxalq toplantılarda uğurlu təsdiqini tapmaqdadır.
İstər milli maraqlarımızın qorunmasında, istər ölkəmizin beynəlxalq arenadakı mövqeyinin yüksəlməsinə xidmət edən bu diplomatik strategiya qarşıda daha böyük uğurlara imza atmağımıza səbəb olacaq”.
Baş redaktorun sözlərinə görə, daha bir diqqətçəkici məqam Prezident İlham Əliyevin toplantı çərçivəsində Azərbaycanın üzvü olmadığı KTMT ölkələrinin rəhbərləri ilə müxtəlif səpgilərdə müzakirələr aparmasıdır: “Bu müzakirələrdə yalnız Ermənistan kənarda qaldı. Ermənistanın KTMT-yə üzv olmasına rəğmən, bu ölkənin təmsilçisinin bəlli səbəblərdən baş katiblik vəzifəsindən uzaqlaşdırılmasının ardınca, seçiləcək baş katibin yenidən erməni təmsilçisi olması məsələsi qapadılıb.
Halbuki Ermənistan tərəfi bu postun 2020-ci ilə qədər onlara məxsus olduğunu iddia edirlər”.