13 Dekabr 2018 20:56
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı təkcə ölkəmizdə idmanın inkişafı ilə bağlı məsələlərə deyil, həm də bir sıra siyasi məsələlərə, Azərbaycanın dünya siyasətində oynadığı rola qiymət verməkdən ibarət oldu.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, cənab Prezidentin qeyd etdiyi kimi 2018-ci il bir çox hadisələrlə zəngin olub. Bu hadisələrin episentri bizdən o qədər də uzaq olmayıb, yaxın ətrafımızda cərəyan edib:

“Hətta, bizə düşmən ölkə olan Ermənistanda da bu cür qarmaqarışıqlıq və sabitsizlik problemi yaşanıb. Bu cəhətdən Azərbaycanın bölgədə bir sabitlik adası kimi mövcud olması, ölkənin yüksək iqtisadi göstəricilərinin hələ də davam etməsi, əhalinin maddi rifah halnın yüksəldilməsinə ölkənin siyasi rəhbərliyinin durmadan qayğı göstərməsi və yeni ildən bu qayğının daha da artacağı barədə səslənən fikirlər kifayət qədər inandırıcıdır və Azərbaycan Respublikasının doğrudan da bölgənin lider dövləti kimi sürətlə inkişaf etdiyinin əyani ifadəsidir.

Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan öz təcavüzkar niyyətlərindən hələ də əl çəkməyib. Dağlıq Qarabağa dair danışıqlar prosesi lazımi axarda, lazımi tempdə inkişaf etmir. Ermənistan hər vəchlə danışıqlar prosesinə zərər vuran addımlar atmaqdadır. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan destruktiv, ölçülüb-biçilməmiş bəyanatları ilə bu prosesə xeyli ziyan vurub. Amma bu məsələlər Paşinyanın arzusu ilə bağlı deyil. Bölgədə yüksək templə inkişaf edən və böyük ordu quruculuğunu həyata keçirməyi demək olar başa çatdırmaqda olan ölkəmiz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək”.

Q.Hüseynli əlavə edib ki, Azərbaycan ili uğurla başa vurur və yeni ilə bu uğurların verdiyi dinamizmlə gedir.


Müəllif: Səxavət Həmid