13 Dekabr 2018 20:44
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir.

- Rasim müəllim, Ermənistanda parlament seçkilərinin nəticələri artıq bəllidir. İlkin təəssüratınız nədən ibarətdir?
- Sözsüz ki, Ermənistanda keçirilən sonuncu seçkilərlə ondan əvvəlki seçkilər arasında fərqlər də, oxşarlıqlar da var. Fərq odur ki, bu dəfə seçkilərdə karusel kütləvi təşkil edilməyib, seçici fəallığı süni şəkildə qaldırılmayıb. Ancaq nəticə etibarı ilə yenə əvvəlki kimidir. Yəni parlament var, amma müxalifət yoxdur. Müxalifət adından parlamentə daxil olan qüvvələrdən biri əvvəllər Paşinyanla eyni blokda təmsil olunub, digər qüvvə isə seçki öncəsi Paşinyanla müttəfiqlik sazişi imzalayıb. Bu baxımdan Ermənistan parlamenti heç də Avropa standartlarına cavab verən, müxalifətin təmsilçiliyi olan parlament deyil. Əksinə, müxalifətsiz və nəzarətsiz hakimiyyət qurulur.

- Düşünürsünüz ki. Sərkisyanın vaxtında erməni parlamentində real müxalifət təsmil olunurdu?
-Yox! Onun dövründə də parlamentə real müxalifət yox idi. Daşnaksütyun və Çiçəklənən Ermənistan bəyəm müxalifət idi? Yalnız Paşinyan müxalifət idi və 9 nəfər sadəcə parlamentə buraxılmışdı. İndi parlamentdə ümumiyyətlə müxalifət olmayacaq.

- Belə çıxır ki, Paşinyan qeyri-məhdud hakimiyyət imkanı əldə edib?
- Əslində bunun elə bir əhəmiyyəti yoxdur. Sərkisyanın da parlamentdə mütləq çoxluğu var idi. Sonrası necə oldu? Onu silib atdılar. Bütün hakimiyyət əlində olsa da Paşinyanın fəaliyyəti müəyyən qüvvələrin marağına zidd olsa onu hakimiyyətə gətirənlər, o cür də yola salacaqlar.

- Maraqlı qüvvələr deyərkən kimi nəzərdə tutursunuz?
- Təbii ki, Ermənistanda varlılar var, ordu var, cürbəcür klanlar var. Hansılar ki, narazılıq olanda maliyyə buraxa, müxalifət təşkil edə və eyni üsulla xalqı İrəvanın küçələrinə istiqamətləndirə bilirlər.

- Mövqelərini gücləndirən Paşinyan Qarabağ klanına münasibətdə hansı siyasətə üstünlük verəcək?
- Fikrimcə, gərginlik artacaq. Hiss olunur ki, Paşinyan indi Dağlıq Qarabağdakı separatçı strukturlara da əl gəzdirmək istəyir. Çünki anlayır ki, Qarabağ təhlükə mənbəyidir, nəzarət olmasa oradan terror təşkilatından tutmuş, ona qarşı fəaliyyətə qədər işlər təşkil oluna bilər. Odur ki, Paşinyan Qarabağdakı klan üzvlərini də hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir. Həm də bu işi sonraya saxlamaq istəmir, tez bazar həyata keçirməyə çalışır.

- Paşinyanın bu imkanı varmı?
-Ermənistandakı seçkidən sonra yaranan atmosferi nəzərə alsaq Paşinyanın belə bir imkanı var, amma sabah mümkündür ki, belə imkanlar olmasın. İnsanlar arasında narazılıq, biganəlik yarandıqda, Paşinyanın insanlar arasında dayaqları zəifləyəndə Qarabağ erməniləri timsalında ciddi təhlükə ilə üzləşə bilər.

- Bir il sonrakı Ermənistanla bağlı proqnozunuz nədən ibarətdir?
- Paşinyan hakimiyyətinin uzun müddətli olub-olmayacağı yaxın bir il müddətində müəyyənləşəcək.
Hələlik Paşinyanın siyasəti yoxdur, populist fiqurdur, nə ideologiyası, nə də inzibati təcrübəsi var. Onun dövlət xadiminə çevrilib-çevrilməyəcəyini, inzibati idarəetməni həyata keçirmək imkanında olub-olmayacağı məsələləri hələlik açıq qalır. Bu məqamlara nəzəri baxımdan cavab vermək qeyri-mümkündür. Hesab edirəm ki, bütün bunlar sınaqdan keçməlidir.

- Paşinyan bir müddət əvvəl Köçəriyanı həbs etdi, ancaq Kremlin təzyiqlərindən sonra azadlığa buraxdı. Bir neçə gün əvvəl keçmiş prezident Köçəriyanın yenidən həbsə atılması Paşinyanın demarşıdır?
- Paşinyan Sərkisyanı yığışdırdı, amma dövlət idarəetmə strukturlarında onlar eşalonu təmsil olunurlar. Paşinyan onlara mesaj verməli idi. Köçəryanı həbs etməklə bu qrupa “sizin liderinizi həbs edib damda saxlayıram, oturun yerinizdə səsinizi çıxarmayın” mesajı verilir. Köçəryanı həbsdən azadlığa buraxan hakimlə eyni mövqeni paylaşan məmurların sayı kifayət qədərdir. Ancaq Köçəryanı həbs etməklə Paşinyan göstər ki, sizin yeriniz həbsxana olacaq.

- Paşinyanın Rusiya siyasətində fərqlilik olacaqmı, yoxsa ənənəvi siyasət davam edəcək?
- Əslində Rusiya üçün Paşinyan küçə adamıdır. Putinin Paşinyanla səmimi münasibət quracağını gözləməyə dəyməz. Paşinyan da anlayır ki, Rusiya üçün hər zaman yad adam olacaq. Paşinyan həm də anlayır ki, Rusiyadan indikindən daha çox almaq imkanında deyil. Rusiya Ermənistana nə əlavə maliyyə yardımı etmək istəyindədir, nə də ucuz yanacaq və silahla mükafatlandırmaq. Ancaq Qərb də Paşinyana heç nə vəd etmir. Paşinyan Rusiyanın ətəyini buraxmayınca, nüvə elektrik stansiyasını bağlamayınca Qərbdən heç nə gəlməyəcək. Gəlsə də, 10-20 milyon pay gələ bilər. Amma Rusiyadan gələnlər üst-üstə ildə bir milyarda qədər pul təşkil edir. Bunu isə Qərbdə heç kəs kompensasiya etmək niyyətində deyil. Odur ki, Paşinyan Rusiyaya arxasını çevirməyə qorxur, çünki mövcud olanı itirə bilər, Qərbdən kompensasiya almadığı təqdirdə isə çökə bilər. Fikrimcə, Paşinyan daha çox manevrlər edəcək. Yəni Rusiya ilə münasibətləri saxlamağa çalışacaq ki, addım-addım Qərbdən yardım alsın. Bunu bacarıb-bacarmayacağını isə gələcək göstərəcək.

- Paşinyan artıq ikinci dəfədir ki, Türkiyəyə əlaqələri yoluna qoymaq üçün cəhdlər göstərir...
- Deyir də. Əvvəlkilər də deyirdi. Türkiyə də açıq deyir ki, Qarabağdan çəkilməyincə sərhədlər açılmayacaq və əlaqələr qurulmayacaq.

- Yeni erməni hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair əvvəlki hökumətlərdən fərqli siyasət yürütməsi ehtimalları varmı?
- Ermənistandan yox, amma düşünürəm ki, Rusiyanın təzyiqləri onları ağıllandıra bilər. Rusiyanın təzyiqləri hansı formada olacaq, bununla erməniləri yola gətirmək mümkün olacaqmı, fikrimcə, bunu gələcək göstərəcək. Mən demirəm ki, münaqişənin tam həlli və ya həllə doğru böyük addım olacaq. İstisna etmirəm ki, Paşinyan anlayacaq ki, Ermənistanın perspektivi konflikt həll edilmədən aydın olmayacaq. Nəzərə almaq lazımdır ki, Qərb də Ermənistanda müəyyən dəyişiklik istəyir və son zamanlar Rusiyanın da tələbi artıb. Paşinyan anlayır ki, münaqişənin həllinə dair addımlar atmağa başlasa Qarabağ klanı tərəfindən hücumlara məruz qalacaq. Bu hücumlar terror şəklini aldığı təqdirdə ya Paşinyanı məhv edəcək, ya da Paşinyan Qarabağ klanını qabaqlayaraq onu əzməlidir. İndilikdə bunlar fərziyyədir və konkret situasiyalardan asılı olacaq. Məncə, bu məsələlərə cavabı həyatın özü verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər