“Ermənistan Rusiya qarşısında güclü deyil ki, əlaqələri tamamilə qırsın”.
Rusiya-Ermənistan gərginliyi haqda Teleqraf.com-a danışan Milli Məclisin deputatı Asim Mollazadə belə deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan bu gərginlikdən istifadə edərək, özü üçün qazanclar təmin etməyə çalışır:
“Ermənilər Rusiya ilə bazarlıq etməyə çalışırlar. Rusiyaya yaxınlığı ilə seçilən keçmiş hakimiyyət nümayəndələri, sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana olan hücumlar da təsadüfi deyil. Amma hesab edirəm ki, Ermənistandakı Rusiya hərbi qüvvələri bu ölkədə vəziyyəti idarə etmək gücündədir. Buna görə də, Ermənistanın yeni rəhbərliyi çalışacaq ki, həm Qərbdən, həm də Rusiyadan özü üçün nəsə qazansın”.
Asim Mollazadə Rusiya və Ermənistan arasında bağlanılmış hərbi müqavilələrə zəmanət verən yeni sənədin imzalanacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Ermənistan hansısa ölkə ilə istənilən sənədi imzalaya bilər. Amma bu o demək deyil ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirəcək. Müəyyən məqamlar yetişir ki, Ermənistan Rusiyanın bütün tələblərini yerinə yetirir və yetirəcək. Ermənistan beynəlxalq hüquq normalarını yerinə yetirməyən ölkədir. Bütün hallarda öz oyunlarını oynamağa çalışır”.