25 Dekabr 2018 09:01
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ABŞ-Türkiyə münasibətlərində pozitiv dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər özünü hər şeydən əvvəl ABŞ-ın Türkiyəyə müasir, mükəmməl hava hücumundan müdafiə sistemləri olan “Patriot” raketlərinin satılmasına dair qərar verməsində göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu qərar Türkiyə-ABŞ münasibətlərinin artıq relsə düşmək üzrə olduğundan xəbər verir:

“Üstəlik, bu günlərdə ABŞ prezidentinin bu ölkənin qoşunlarını Suriyadan çıxararkən, Türkiyə prezidenti ilə danışması, bununla bağlı xəbərdar edilən ilk dövlət başçısının Rəcəb Tayyib Ərdoğan olmasını nəzərə alaraq demək olar ki, ABŞ özünün bəzi siyasi niyyətlərini Türkiyə vasitəsilə həyata keçirmək fikrindədir və Yaxın Şərqdə bir növ ABŞ-ın missiyasını həyata keçirməyi Ankaraya həvalə etmək məqsədi güdür. Düzdür, bu, müəyyən məsuliyyət yaratsa da, ancaq hər halda Türkiyənin regionda nüfuzunun artmasına gətirib çıxaracağını ehtimal etmək mümkündür”.

Q.Hüseynli qeyd edib ki, tarixən Türkiyənin ən çətin zamanlarında ABŞ bu ölkənin yanında olub:

“Stalinin dövründə SSRİ Türkiyəni 16-cı sovet respublikası elan edəcəyini bəyan etdikdən sonra Türkiyə ilə sərhədlərə böyük miqdarda tank yığmışdı. Bu tanklar hücuma keçmək əmrini alanadək ABŞ Prezidenti Harri Trumen Stalinə ciddi xəbərdarlıq etdi. Eyni zamanda Türkiyənin NATO-ya qəbul olunması məsələsinin sürətləndirilməsi ilə bağlı alyans rəhbərliyinə də təlimatlar verdi. Bundan əvvəl ABŞ “Marşall planı”na uyğun olaraq, Almaniya Federativ Respublikasının bərpasına 30 milyard dollardan çox vəsait ayırmışdı.

Almaniyaya isə belə bir imkan tanınmışdı ki, o, istədiyi ölkədən işçi qüvvəsi gətirə bilər, amma ABŞ həm də bildirmişdi ki, bu ölkə Türkiyə olsa, daha məqsədəuyğun olar. Çünki ABŞ “Marşall planı”nın bir hissəsini də Türkiyədə işsizliyin aradan qaldırılması məqsədlərinə yönəltmək niyyəti güdürdü”.

Q.Hüseynli qeyd edib ki, indi də münasibətlər relsə oturmaq üzrədir:

“Mən güman edirəm ki, bundan sonra münasibətlər daha da inkişaf edəcək və Türkiyə NATO-nun tamhüquqlu üzvü kimi ABŞ-la yaxından əməkdaşlıq edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər