Azərbaycanda mövcud olan uğurlu dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev də gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab Prezidentin istər bölgələrə səfəri zamanı keçirdiyi görüşlərdə, istərsə də paytaxtımızda keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclər mövzusu hər zaman aktual mövzulardan biri olur.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsi sədrinin müavini Şahin İsmayılov deyib.
Azərbaycanda gənclər siyasətinin müstəqillik tariximizlə yaşıd olduğunu deyən deputat qeyd edib ki, dövlət gənclər siyasəti bir sıra qurumlar vasitəsilə həyata keçirilir:
“Təbii ki, burada əsas və birbaşa icraedici qurum Gənclər və İdman Nazirliyidir. Bundan başqa Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu, Milli Məclisin Gənclər və İdman Komitəsi gənclərlə işləyir. Hazırda gənclərlə işləmək üçün bütün infrastruktur mövcuddur. Bura eyni zamanda regionlarda olan gənclər mərkəzləri, olimpiya kompleksləri və digərləri daxildir”.
Ş.İsmayılov qeyd edib ki, hər il gənclərlə bağlı yeni dövlət proqramları, layihələr həyata keçirilir. Buna misal olaraq 2005-2009, 2011-2015, 2017-2021-ci illəri əhatə edən dövlət proqramlarını, Azərbaycan Gənclərinin İnkişafı Strategiyasını və digərlərini misal göstərmək olar.
Ölkəmizdə gənclərlə bağlı 300-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini deyən deputat əlavə edib ki, gənclərin könüllülük hərəkatında da xüsusi payı var:
“Könüllülük hərəkatı Azərbaycanda yeni mərhələyə qədəm qoyub. Dövlət bu istiqamətdə gənclərin təşəbbüslərinə dəstək verir. Gənclərimiz də maksimum təşəbbüskar olub, öz üzərlərində çalışmalıdırlar”.
Deputat əlavə edib ki, hər il olduğu kimi bu il də 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilib:
“Bu tədbirlərin zirvə nöqtəsi, heç şübhəsiz, fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi respublika toplantısıdır. Bundan əlavə bilirsiniz ki, ölkəmizdə Gənclər üçün Prezident mükafatı təsis olunub. Hər il müxtəlif sahələrdə fəaliyyətinə görə fərqlənən gənclər bu mükafata layiq görülürlər. Həmçinin, hər il gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilir. Bu il də gənclərin müəyyən hissəsi mükafata layiq görüldülər və təltif edildilər. Bu, gənclərimiz üçün böyük motivasiyadır və dövlət başçısının gənclərə göstərdiyi diqqətin göstəricisidir”.