“Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında Davosda keçirilmiş görüşdə razılaşmanın olduğunu düşünmürəm. Görüşdə sadəcə olaraq, şifahi müzakirə aparıldı”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hazırkı məqamda Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan danışmağa ehtiyat edir, məsələnin məsuliyyətini üzərindən atır:
“O, açıq foramada bildirir ki,”Qarabağda yaşayan ermənilər məsələsini Azərbaycanla özləri həll etsinlər”. Buna görə də Paşinyan Qarabağ danışıqlarında aktiv deyil. “Qarabağ klanı”ndan qorxur ki, hansısa ittihamla onu devirə bilər. Bu baxımdan, Davosda yeni başlanğıcın olduğunu düşünmürəm. Sadəcə, müzakirə edildi və hansısa təşəbbüs irəli sürülə bilər.
Digər yandan, Qarabağın azərbaycanlı icması yenidən formalaşır, yeni rəhbər təyin olunub. Buna görə də icmalararası dialoqun başlaması təşəbbüsünün irəli sürülməsi ehtimalı mümkündür. Amma buna da Paşinyanın reaksiya verdiyinə inanmıram. O deyə bilər ki, azərbaycanlı icması da “Qarabağ ermənilərinin özləri ilə razılaşsın”. Buna görə də Paşinyanın Qarabağ məsələsinə müsbət yanaşdığına inanmıram”.
Elxan Şahinoğlu Ermənistan mediasında Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı ilə bağlı yayılmış məlumatlara da münasibət bildirib:
“Bu, sadəcə Paşinyana qarşı ittihamları sərtləşdirmək üçün ortaya atılmış fikirdir ki, guya, o, Qarabağı Azərbaycana qaytarır, ətraf rayonları boşladır. Paşinyan “Qarabağ klanı”ndan ehtiyat edir, qorxur, buna görə də belə bir addım atmaz. Bu yolla Paşinyanın mövqeyini zəiflətməyə çalışırlar. Reallıqda isə bu ittihamlar həqiqəti əks etdirmir.
Bir neçə gün əvvəl rusiyalı politoloq Tarasov yazdığı məqaləsində qeyd edib ki, guya Paşinyan yayda torpaqları qaytaracaq. Bu da qəsdən ortaya atılmış bir fikirdir. Çünki Tarasov ermənipərəst ekspertdir, bu iddianı Paşinyanın mövqeyini zəiflətmək üçün ortaya atıb”.