“Fransa və onun rəhbərinin türk dünyasına qarşı yol verdiyi səhvlər artıq təhqir formasını almağa başlayıb. Hesab edirəm ki, Prezident Emmanuel Makronun qondarma soyqırımı “anım günü” elan etməsi Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilər”.
Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Politoloqa görə, Makron bununla cəmiyyəti Fransa daxilindəki gərginlikdən yayındırmağa çalışır:
“Hesab etmək olar ki, bu, Fransa prezidentinin siyasi oyunudur. Xalqla üz-üzə qalan Makron bununla diqqəti daxili problemlərdən yayındıraraq, həm erməni lobbisinin dəstəyini qazandı, həm də türklərə qarşı qərəzli olduğunu nümayiş etdirdi. Əlbəttə, buna qədər də onun erməni lobbisi tərəfindən dəstəkləndiyini bilirdik. Seçkiqabağı kampaniya dönəmində ermənilərə vəd vermişdi və indi də bu vədi yerinə yetirdi.
Lakin verdiyi vədin gələcəkdə hansı nəticələrə yol açacağını düşünmək də dövlət başçısı kimi onun vəzifəsidir.
Görünən odur ki, bu, Makronu narahat etmir və strateji cəhətdən əhəmiyyətsiz Ermənistana görə güclü və strateji baxımdan lazım olan ölkələrlə münasibətlərini pozmağa hazırdır. Onu da deyə bilərik ki, Makronu nə Fransa, nə də xarici siyasət maraqlandırır. O, sadəcə öz hakimiyyətini qorumaq üçün əlinə düşən fürsətlərdən istifadə edir”.
Ramiyə Məmmədova qeyd edib ki, qondarma soyqırımına yönəlik bu qərar Fransanın bu günədək yaratdığı demokrat imicini zərbə altına qoyur:
“Bu, bütün türk dünyasına qarşı təhqirdir. Buna görə, Fransa Dağlıq Qarabağ münaqişəsinə də qərəzli yanaşır. Həmişə beynəlxalq hüquq normalarını əlində bayraq edən Fransanın Xocalı soyqırımını törətmiş və Azərbaycan ərazilərini işğal etmiş ermənilərə dəstək verməsi münaqişənin həllini əngəlləyir. Buna görə düşünürəm ki, Fransanın Minsk qrupundan uzaqlaşdırılmasını tələb etmək Azərbaycanın ən təbii haqqıdır.
Hesab edirəm ki, Fransa bundan sonra ona dəyişəcək münasibəti və regionda həyata keçirilən layihələrdən uzaqlaşdırılmasına etiraz etməməlidir və buna dözməlidir. Çünki həmin layihələrin başında Azərbaycan və Türkiyə dayanır”.