“Azərbaycan hakimiyyətinin ötən 25 il ərzində bütün təzyiqlər müqabilində münaqişənin formatı və nəticəsində geri çəkilməməsi bu gün Dağlıq Qarabağ münaqişəsini Abxaziya və Cənubi Osetiya münaqişəsindən fərqləndirir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri konfliktoloq Əvəz Həsənov deyib.
Onun sözlərinə görə, münaqişədə heç kəs uduzmaq istəmir, itirdiyi və yaxud əldə etdiyi torpağı vermək istəmir:
“Çünki birtərəfli güzəşt hakimiyyətin işini çətinləşdirən amil olacaq. Deməli, daha bir nəticəsiz 25 il gözləmək əvəzinə xalqın rəyini soruşmağa başlayırlar. Sülh qardaşlıq deyil. Sülh bu münaqişədən az itkilər ilə çıxmaq deməkdir. Tarixdə yüzlərlə sülh müqaviləsi olub ki, onu hər iki və yaxud çox tərəf sərfəli şərtlərlə imzalayıblar. Sülh qarşı tərəfin auditoriyasını ram eləmək deməkdir. İndi kim güclü olacaq, onun üçün özünü hazırlamalıdır”.
Əvəz Həsənov bildirib ki, sülh uğrunda döyüş fiziki itkilərlə olmur:
“Lakin intellektual mübarizə və siyasi taktiki gedişlər zəif olduqda həmin döyüşdə mövqe itirirsən. Hər kəs əmin olmalıdır ki, sülh qardaşlığa çağırış deyil, sərfəli “nikah müqaviləsi” kimi bir şeydir. Kimin “vəkili” güclüdürsə, o da çoxlu güzəştlər qazanacaq. Burada emosiya və təmkinin vəhdəti daha çox uğur gətirəcək”.
Konfliktoloq qeyd edib ki, sülhə gedən yol uzun olur:
“Amma sülh üçün dartışma müharibədən də ağır və məsuliyyətlidir. Müharibədə itirib siyasi şəraiti və ordunu günahlandıra bilərsən. Sülh uğrunda dartışma zamanı isə günahlandırmağa vaxt yoxdur. Çünki qələm, silah siyasətçinin və xalqın əlindədir. Beləcə, sülh istəyən siyasətçi və hakimiyyəti qarşı tərəflə dostluq maraqlandırmır. Onun üçün əsas şərt uduzmadan problemi həll edib ondan yaxa qurtarmaqdır. Bu ərəfədə edilən bütün reveranslar yalnız özünə sərf edən nəticəyə hesablanacaq. Diplomatik gedişlər, xalqın birliyi güclü silahdır”.