“İran rəsmiləri ilə bağlı bundan öncə də bənzər hallar yaşanıb. Hərbi, siyasi, iqtisadi sahə ilə bağlı hansısa yüksək vəzifəli rəsmi şəxs ya xaricə səfərə çıxır, ya da üçüncü ölkənin ərazisində təhlükəsizlik orqanı vasitəsilə məlumatları müvafiq yerlərə çatdırır. Bu prosesdə indiyədək ən çox Türkiyəyə üz tutma hallarına rast gəlinib. Yəni İranda hansısa səviyyədə dövlət sirlərini bilən insanlar Türkiyəyə gəlir və burada ABŞ-la əlaqəli orqanlarla ünsiyyətə keçirlər”.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Araz Aslanlı deyib.
O qeyd edib ki, bu, bəzən Türkiyədəki ABŞ səfirliklərinə və konsulluqlarına sığınma şəklində olur:
“Ya da olub ki, ABŞ kəşfiyyatı o İran nümayəndəsini götürüb aparıb. Bir neçə dəfə olub ki, İranın təhlükəsizliklə, iqtisadiyyatla, yaxud kibertəhlükəsizliklə əlaqəli hansısa yüksək vəzifəli şəxsi ABŞ-a gedib. ABŞ rəsmiləri deyiblər ki, o həyatından qorxub bizə sığındı. Amma İran tərəfi deyib ki, onu oğurlayıb, yaxud qaçırıblar. Mən ən azı iki belə hadisə xatırlayıram. Hətta İran Müdafiə Nazirliyinin yüksək səviyyəli bir şəxsi 7-8 il əvvəl İstanbulda hoteldən yoxa çıxmışdı. İran iddia etmişdi ki, ABŞ onu oğurlayıb aparıb. ABŞ rəsmiləri isə mediaya açıqlamalarında deyirdilər ki, o özü həyatından qorxaraq bizə sığındı”.
A.Aslanlı İran əsilli türkiyəli iş adamı Rza Zərrabın işini misal gətirib:
“Onun ABŞ-a həbs olunmaq üçün getdiyini deyənlər var idi. Yəni deyirdilər ki, o öz həyatına təhlükə gördüyü, İran rəsmilərinin onun həyatına təhlükə yarada biləcəyi üçün ABŞ-a getdi və burada həbs edildi”.
Siyasi ekspert qeyd edib ki, baş verənlər İrandakı rejimin xarakterindən qaynaqlanır:
“Müəyyən məlumatlara, xüsusən dövlət əhəmiyyətli məlumatlara malik şəxslərin ölkədən kənara çıxması ümumiyyətlə məhdudlaşdırılır. Ölkədən kənara çıxanda hansısa fərqli fikir bəyan edibsə, demək, artıq onun həyatı ilə bağlı birmənalı olaraq təhlükə var. Bu baxımdan sonuncu hadisədə olduğu kimi, Turəc İsmayili özü də ABŞ-a sığınmış ola bilər. Yaxud ABŞ özünə lazım olan məlumatları əldə etmək üçün onu istəyindən asılı olmayaraq hansısa formada aparmış ola bilər. Bununla bağlı yayılan məlumatda 2018-ci ilin aprel ayından bu yana İran Ali Milli Təhlükəsizlik Şurasının 3 yüksək rütbəli əməkdaşının casusluqda günahlandırılaraq həbs edildiyi əksini tapıb.
Bu baxımdan Turəc İsmayilinin qaçışı rejimin, sistemin qatılığından, sərtliyindən qaynaqlanan bir problemdir. Potensial olaraq hər kəs təhlükəlidir. Hər kəsin həbs olunma ehtimalı var. Bir insan heç nə etməyibsə belə, hiss etdikdə ki, artıq ondan şübhələnirlər, həyatı təhlükə altındadır, – əslində bəlkə də öz dövlətinə bağlı adamdır, heç nə də etməyib, – amma şübhələndiklərini hiss edirsə, özünü qorumağa çalışır. Çünki heç nə etməyibsə belə, həyatı təhlükədədir, ölümlə üzləşməmək üçün ölkəni tərk edir və bəlkə də xoşlamadığı bir ölkəyə sığınır.
Yaxud bəlkə də proseslərin sonunun uğurlu olmayacağını düşünüb ölkədən kənara çıxır, harasa sığınırlar. Bu zaman sığınmaq üçün daha güclü, onları qoruyacaq yer olaraq ABŞ-ı seçirlər”.
Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası rəhbərinin kiber bölümü üzrə baş müşaviri, Raket və Kiber Hücumdan Müdafiə Təşkilatının yüksək rütbəli üzvü Turəc İsmayili ölkədən qaçaraq Türkiyədəki Qərb ölkələri səfirliklərindən birinə sığınıb.
Onun İranın kiber informasiyasının fəaliyyət mexanizmi ilə bağlı yüzlərlə gizli və mühüm sənədi ölkədən xaric etdiyi vurğulanır. Böyük Britaniyanın “İSİCRC” saytının İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin yaxınlarından birinə istinadla yaydığı məlumata əsasən, T.İsmayili ölkədən yanvarın sonlarında qaçıb.