11 Fevral 2019 14:15
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Münhendə baş tutacaq görüşündən gözləntilər demək olar ki, yox səviyyəsindədir. Ermənistanın dövlət rəhbəri Nikol Paşinyanın verdiyi bəyanatlar danışıqlar, o cümlədən hər hansı razılıq üçün heç bir imkan saxlamayıb. Bu baxımdan nə isə gözləmək sadəlövhlük olardı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Tofiq Zülfüqarovun fikrincə, görüşün keçirilməsinin əsas iki məqsədi var: “Birincisi, Rusiya öz mövqeyinin əhəmiyyətini artırmaq üçün bu görüşü təşkil edir. Göründüyü kimi, həmsədr ölkələrdən yalnız Rusiyanın xarici işlər naziri görüşdə iştirak edəcək. Münhen konfransı çərçivəsində Rusiyaya qarşı müxtəlif sahələrdə çoxsaylı iradlar səslənəcəyini istisna etmirəm. Məhz bu iradlar fonunda sülhməramlı fəaliyyətlə məşğul olduqlarına dair görüntü yaratmaq istəyirlər. Bu, Rusiyanın marağındadır”.

Ermənistan və Azərbaycanın maraqlarına gəlincə, keçmiş nazir qeyd edib ki, Nikol Paşinyanın bəyanatı optimist və ya real danışıqlar üçün heç bir imkan yaratmır.

ABŞ-ın Cənubi Qafqaz regionunda aktivliyi şərh edən Tofiq Zülfüqarov bildirib ki, Con Boltonun səfəri və ardınca dövlət rəhbərləri ilə telefon danışığını müəyyən cizgi saymaq olar: “Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşdığına dair hansısa nəticələrə gəlmək çətindir. Vaşinqtonun fəallaşması regiona aiddir, Ermənistan-Azərbaycan konfliktinin vasitəçilik rolu bu fəallığın bir hissəsidir və heç də əsas hissəsi deyil. Ona görə də Con Boltonun səfərini və telefon zənglərini daha çox Birləşmiş Ştatların regionda fəallaşması ilə bağlayıram. Bu, heç də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar deyil”.


Müəllif: Nərgiz