18 Fevral 2019 15:55
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəluc məsələsinin İran və Pakistan arasında ciddi qarşıdurmaya gətirib çıxaracağını düşünmürəm”.

İranın Sistan və Bəlucistan bölgələrində silahlı bəluc qruplaşmalarının iştirakı ilə baş verən qarşıdurmaları Teleqraf.com-a şərh edən politoloq Sədrəddin Soltan belə deyib.

Ekspert bu məsələnin İran-Pakistan münasibətlərinə təsir imkanlarını da şərh edib:

“Bəluclar həm Pakistanda, həm Əfqanıstanda, həm də İranda yaşayırlar. Bəluclar əsasən, İran və Pakistanın sərhəd bölgələrində məskunlaşıblar. Amma onlar İran və Pakistanla yanaşı, Əfqanıstanda da milli haqları təmin olunmayan etnik qruplardan sayılır. Bəluclar zaman-zaman Əfqanıstan və Pakistan hökumətləri ilə problemlər yaşayırlar, eləcə də İranla...

İran tərəfi isə iddia edir ki, Bəlucistan vilayətinə keçən silahlılar Pakistan ərazilərindən gəliblər. Əvvəllər isə iddia olunurdu ki, bu silahlılar Əfqanıstandan İrana keçiblər. Bu baxımdan, bəluc məsələsi hər üç ölkə üçün problemdir. Bu baxımdan bəluc məsələsinə görə Pakistan və İran arasında ciddi qarşıdurmanın yaranacağı ehtimalını istisna edirəm. Sadəcə olaraq, İslamabad, Tehran və Kabul bəlucların milli haqlarının təmin edilməsi istiqamətində addım atmalıdır. Vəziyyətdən çıxış yolu budur”.

Əlavə edək ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əli Cəfəri Sistan və Bəlucistan bölgələrində baş verən terror aktlarından sonra Pakistanı ittiham edib. Pakistan hökumətindən İranla sərhəd bölgələrində təhlükəsizliyi təmin etməyi tələb edən SEPAH komandanı qeyd edib ki, rəsmi İslamabad İranı hədəf alan terrorçuların harada gizləndiyini bilir:

“Əgər Pakistan terrorizmlə mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, İran xarici xüsusi xidmət orqanlarının planlarını icra edən terrorçuları özü cəzalandıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər