19 Fevral 2019 17:39
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birincisi, Əli Kərimli dövlət katibi olduğu dövrdə sosial təminatla, vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı hansı addım atıbsa, ondan danışsın. İkincisi, görünür Əli Kərimlinin xəbəri yoxdur ki, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiya var və iqtisadi islahatlar aparılır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O qeyd edib ki, sistemli şəkildə, elmə söykənən dayanıqlı formada həyata keçirilən iqtisadi siyasət var:

“Həmin iqtisadi siyasət mərhələ-mərhələ, addım-addım, populizmdən kənar həyata keçirilir. Sistemli şəkildə vətəndaşların maraqlarını ifadə edən, iqtisadi qanunauyğunluğu və iqtisadi prosesləri özündə ehtiva edən bir siyasət yürüdülür. Həmin prosesin tərkib hissəsi ilk növbədə vətəndaşların sosial rifahının yüksəldilməsi, onların problemlərinin həll edilməsidir. Prezident İlham Əliyevin zaman-zaman həyata keçirdiyi siyasəti, qəbul etdiyi dövlət proqramlarını, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını, eləcə də struktur islahatlarını və bütövlükdə qanunvericiliyi, normativ-hüquqi aktları bir vərəqləsin, görsün ki, bu işlər dövlət başçısının siyasətinin əsasını təşkil edir”.

A.Hüseynov qeyd edib ki, 2018-ci ildə növbəti ilin büdcə müzakirələri aparılan zaman, əməkhaqlarının artırılması məsələsinə xüsusi diqqət ayırılıb:

“Büdcə vəsaitlərnin 34 faizinin sosial məsələlərə xərclənməsi nəzərdə tutulub. Eləcə də pensiyaların, təqaüdlərin artırılması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulub ki, indi bu vəsaitə uyğun olaraq addımlar atılır. Bu işlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib. Əli Kərimli, eləcə də onun havadarlarının əldə etdiyi maliyyə isə xaricdəki erməni diasporu və lobbi dairəsinin formalaşdırdığı mənbələrdən gəlir. Getsin, öz maliyyə mənbələri ilə bağlı fikrilərini harda istəyirsə, orda səsləndirsin. Azərbaycanda aparılan siyasət isə vətəndaşların maraqlarını ifadə edir, onların sosial rifah halının yaxşılaşdırılmasını əsas götürür. Bu siyasət Prezident İlham Əliyev üçün insan amilinin hər şeydən üstün olması strategiyasına söykənir”.


Müəllif: Səxavət Həmid