21 Fevral 2019 09:01
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiki vəziyyətdə Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində görüşə hazırlığın getdiyini iddia etmək çətindir. Çünki Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əvvəldən elan edilmiş görüş baş tutmadı”.

Bunu Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, adətən, dövlət başçıları səviyyəsində görüşə hazırlığı tamamlamaq üçün xarici işlər nazirlərinin görüşləri təşkil edilir:

“Bundan başqa, dövlət başçılarının görüşməsi üçün konkret anlaşmaların əldə edilməsinə ehtiyac var. Amma mediada yayılan məlumatlara görə, ayaqüstü olsa da istər nazirlər, istərsə də dövlət rəhbərləri səviyyəsində baş tutan görüşlərdə konkret məsələlər üzrə danışıqların aparılması ilə bağlı anlaşmaların əldə edilməsi təsdiqlənməyib.

Buna görə də Azərbaycan tərəfinin görüş xatirinə görüşə razılıq verəcəyinə inanmıram. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsi üzrə protokol xatirinə görüşlərə getmək niyyətində deyil.

Dövlət rəhbərləri arasında növbəti görüşün ABŞ-da keçirilməsi ilə bağlı yayılmış iddiaya gəlincə, bu, informasiya olaraq dövriyyəyə buraxılıb. Ancaq bu məlumatların ciddi əsaslara dayandığını düşünmürəm. Düzdür, ABŞ son zamanlarda Qarabağ məsələsinin həlli ilə bağlı fəallaşıb. Zaman-zaman ABŞ-dan Azərbaycan və Ermənistan rəhbərlərinə telefon zəngləri edilib. Əlbəttə, ABŞ-ın bu fəallığı Rusiya rəhbərliyini narahat etməyə bilməz”.

Natiq Miri vurğulayıb ki, Rusiya heç bir halda Qarabağ prosesinin moderatorluğunun digər dövlətlərə keçməsini istəmir:

“Buna görə də bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumat dövriyyəyə buraxıldı. Amma bu görüş baş tutmadı. Lavrov Münhendə təkcə Ermənistanın xarici işlər naziri Mnatsakanyanla görüşdü. Məsələ bununla bağlandı.

Görüşün hansı səbəbdən baş tutmamasına da açıqlama verilmədi.

Düşünürəm ki, bu, ortada hansısa anlaşılmazlığın olduğunu göstərdi. Ola bilsin, Azərbaycan tərəfi yaranmış vəziyyətdən razı deyil. Ümumiyyətlə, son proseslərlə bağlı məlumatlar gizli saxlanıldığı üçün proqnoz vermək çox çətindir.

Buna görə də, dövlət başçıları səviyyəsində ABŞ-da görüşün keçiriləcəyini iddia etmək çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu