21 Fevral 2019 16:22
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kvasnevski doğru söyləyib. Putinin qarşısında iki qlobal məsələ dayanıb. Birincisi, Rusiyanı yenidən fövqəldövlət statusuna gətirmək və bunun vasitəsilə dünyada fəal oyunçu, yəni yeni nüfuz dairələri uğrunda mübarizə aparan, yeni təsir dairələri ələ keçirən dövlət kimi formalaşmaqdır. Kvasnevski birmənalı olaraq söyləyib ki, Putin birinci məqsədinə nail olub və dünyada gedən proseslərdə Rusiya aktiv rol alır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Rusiya sovet dövründə SSRİ-nin malik olduğu fövqəlgücə sahib deyil və dünyada gedən proseslərə SSRİ qədər təsir edə bilmir:

“Bu yolda müəyyən qədər məsafə qət edilib. Buna baxmayaraq Rusiya SSRİ deyil. Rusiya xeyli zəifləyib. Üstəlik, Rusiyanın iqtisadi inkişafında da ciddi zəifləmə mövcuddur. Xüsusilə, son vaxtlar ABŞ-ın və Avropa dövlətlərinin Rusiyaya tətbiq etdikləri sanksiyalar bu ölkədə iqtisadi artım sürətini tam ləngidib və sıfır dərəcəsinə salıb. Hətta bəzi bölgələrdə geriləmə müşahidə olunur.

Ona görə də Kvasnevskinin Rusiyanın postsovet ölkələrini ələ keçirmək və onları öz ətrafında birləşdirməklə bağlı fikirlərini bir qədər ehtiyatla bölüşmək lazım gəlir. Düzdür, Rusiya Prezidenti hazırda öz reytinqini başqa ölkələrə qarşı qurduğu hərbi təxribatlar və etdiyi təzyiqlər hesabına qoruyub saxlayır. Amma artıq bunları həyata keçirmək də o qədər asan deyil.

Düzdür, Ukrayna ilə bağlı məsələlərdə Putin xeyli qabağa gedə, Krımı ələ keçirə bilib. Şərqi Ukraynanın Donbas deyilən ərazisinin bir hissəsini faktiki olaraq öz əlaltısı olan oyuncaq rejimlərə təslim edib. Başqa suveren respublikalara qarşı hərbi xarakterli oyunları davam etdirir və onları daim təzyiq altında saxlamağa çalışır”.

Q.Hüseynli əlavə edib ki, Rusiya çox ciddi militarizasiya yarışına girişib:

“Bir sıra sahələrdə ordunun yenidən qurulması, onun modern – beşinci nəsil silahlarla təchiz edilməsi istiqamətində də ciddi addımlar atılır. Amma bu yarışda Putinin Rusiyanın fövqəldövlət vəziyyətində qoruyub saxlaya biləcəyini demək olmaz. Rusiya zəifləməkdə davam edir və bu nöqteyi-nəzərdən Kvasnevskinin fikirlərini bölüşmək mümkün olsa da, Putinin hədəflədiyi məqsədə çatacağını söyləmək çox çətindir”.

Qeyd edək ki, Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnevski Ukrayna saytına müsahibəsində V.Putinin iki strateji məqsədinin olduğunu bildirib. O qeyd edib ki, bu məqsədlərdən biri Rusiyanı dünya arenasında böyük oyunçuya çevirmək, digəri keçmiş SSRİ ölkələrini eyni çətir altında birləşdirməkdir.

Eks-prezident əlavə edib ki, Kreml dondurulmuş münaqişələr üzrə yaxşı ixtisaslaşıb və Dağlıq Qarabağda, Dnestryanıda, Gürcüstanda, indi isə Ukraynada öz hərəkətləri ilə bunu sübut edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər