26 Fevral 2019 16:15
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır. “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik” deyən Tonoyan Azərbaycana açıq-aşkar hədə-qorxu gəlir. Yəni, o demək istəyir ki, növbəti toqquşmada işğal etdiyimizdən daha artığını işğal edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır:

“Müdafiə naziri Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki vaxtilə erməni generallardan biri “Mingəçevir Su Elektrik Stansiyasını vura bilərik” hədəsinə qarşı Bakıdan “Biz də Xankəndini darmadağın edərik” cavabı ünvanlamışdı. Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər. Doğrusu bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı?

Ancaq ən azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, o, Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf etdiyi kimi müharibənin nəticəsini də bu gerilməyə uyğun hesablamalıdır.

Tonoyana deyilməlidir ki, siz 2 milyonsunuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-cı illərin xaosuna getməsin. Bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy, yəni haradan mümkündürsə zərbələr gələcək.

Siz müdafiəyə yox, hansısa istiqamətdən hücuma keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik.

Total xarakter daşıyacaq bu dəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in “nazirlərinə görüşünə hazırlıq gedir” kimi yumşaq açıqlamalarının (onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və qazanan İrəvandır) əvəzinə Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var”.

E.Şahinoğlunun sözlərinə görə, Tonoyan də anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq:

“Bunun qarşılığında əlacsız qalan Tonoyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcək”. Kəmiyyətə üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın peşkəş etdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər