6 Mart 2019 14:45
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, iştirak etməsin, problem yoxdur. Bundan sonra da Azərbaycan istəyər, danışıqlar aparar, istəməz də aparmaz, öz ərazi bütövlüyünü başqa yolla təmin edər”.

REAL partiyasının məclis başqanı Azər Qasımlı belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyan Belçikada Avropa İttifaqı rəsmiləri Federika Moqerini və Yohannes Xanla görüşdü. Bu iki görüşdə Qarabağ münaqişəsi ilə bağlı iki fərqli fikir irəli sürdü. Paşinyan Yohannes Xanla görüşündə bildirdi ki, format dəyişdirilməlidi, Moqerini ilə görüşdə isə mövcud Minsk qrupu formatını müdafiə etdi. Yəni, Paşinyanın qısa zamanda kəskin fikir dəyişikliyi nədən irəli gəlir?

- Paşinyan “yeni format” deyəndə, onu nəzərdə tutur ki, danışıqlar Minsk qrupu çərçivəsində davam etdirilməlidir, lakin müzakirələr Azərbaycan və Qarabağdakı “rejim” arasında aparılmalıdır. Paşinyan bunu Ermənistan və Azərbaycan arasında münaqişənin olmadığı, konfliktin Azərbaycan və Qarabağdakı separatçı rejim arasında olduğu ilə əlaqələndirir. Paşinyan bunu hakimiyyətə gələndən deyir. Buna görə də Ermənistan baş nazirinin açıqlamalarında ziddiyyətin olduğunu düşünmürəm. Əlbəttə, Azərbaycan tərəfi bunu qəbul edə bilməz. İllərdir danışıqlar Ermənistan və Azərbaycan arasında gedir. O zaman sual yaranır ki, niyə Ermənistan indiyədək bu danışıqlarda iştirak edirdi?

Əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, iştirak etməsin, problem yoxdur. Bundan sonra da Azərbaycan istəyər danışıqlar aparar, istəməz də aparmaz, öz ərazi bütövlüyünü başqa yolla təmin edər. Yəni, Paşinyanın bu təklifində ziddiyyət olmasa da, bu fikrin özü absurddur, yanlışdır. Yenə də deyirəm ki, onların belə bir niyyətləri varsa, istədikləri zaman həyata keçirə bilərlər, Azərbaycan da buna adekvat olaraq, öz qərarını verər, o cümlədən də Minsk qrupu...

- Son günlər qeyri-rəsmi səviyyədə bu ehtimal da müzakirə mövzusudur ki, gələcək danışıqlarda Qarabağın erməni və azərbaycanlı icması da iştirak edə bilər. Bu, perspektivdə mümkündür və belə bir formatın prosesdə müsbət dəyişikliyə gətirib çıxarmaq ehtimalı nə qədər yüksəkdir?

- Bu format yaxın zamanda bir dəfə təklif olunmuşdu. Amma Ermənistan tərəfi bunu qəbul etmədi. İlk növbədə Nikol Paşinyanın özü bunun əleyhinə çıxdı. Parlamentdəki çıxışı zamanı bu təklifi tənqid etdi. Mənim qənaətimə gəlincə, bunun effektli nəticə verəcəyinə inanmıram. Yəni, inanmıram ki, Ermənistan tərəfi bunu qəbul etsin. Ümumilikdə də xalq diplomatiyasının perspektivinə inanmıram. Çünki Ermənistan faktoru açıq formada görünür, o münaqişənin həllində maraqlı deyil və Qarabağı “müstəqil dövlət” hesab edir. Bu baxımdan bu formatın reallaşacağına inanmıram. Bu bir daha onu göstərir ki, Ermənistan dövləti sülh axtarışında deyil və bu məsələni uzatmaqla məşğuldur.

Azərbaycan tərəfi isə Qarabağ ermənilərinin icma formasında azərbaycanlı icması ilə bir yerdə masa arxasında oturmasına razılığını bildirib. Ermənistan tərəfi də buna razı olsa, bu müsbət proses ola bilər. Ümumilikdə isə belə bir hal beynəlxalq hüquq normaları və münaqişənin dinc yolla həlli baxımından normaldır. Ermənistan tərəfi isə buna razı deyil.

- ABŞ və Türkiyə arasında da maraqlı proses gedir. Amerikadan Türkiyəyə xəbərdarlıq edildi ki, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alışı davam etdirilsə, bunun nəticəsi ağır olacaq. Prezident Ərdoğan isə geri addım atmayacaqlarını bildirir. Belə olan halda ABŞ Türkiyəyə qarşı hansı tədbirlərə əl ata bilər və gərginlik hansı həddədək inkişaf edə bilər?

- ABŞ ilk növbədə Türkiyə qarşı iqtisadi rıçaqlardan istifadə edə bilər. Bu da Türkiyə üçün çox ağrılı ola bilər. Çünki ABŞ və Türkiyə arasındakı iqtisadi əlaqələr çox genişdir. Avropa İttifaqı qədər olmasa da, ABŞ Türkiyənin ən böyük iqtisadi portnyorlarından biridir. Buna görə də ABŞ-ın əlində təzyiq rıçaqları var, bunlardan da Türkiyəyə qarşı istifadə edə bilər. Düzdür, son zamanlar ABŞ və Avropa İttifaqı arasında müəyyən problemlər yaranıb. Amma bütün hallarda Amerika Avropanın ən yaxın müttəfiqidir. Buna görə də Avropadan da Türkiyə qarşı təzyiqlər olacaq. Bu da Avropa-Türkiyə münasibətlərində müəyyən problemlər yarada bilər.

Digər yandan, bölgədəki – Suriya və İraqdakı terrorçu kürd qruplaşmalarına dəstək verə bilər. Əvvəllər də bununla bağlı məlumatlar vardı, amma bu dəstəyi açıq formada edə bilərlər. Yəni, Türkiyənin maraqlarına qarşı ciddi zərbələrin endirilməsi mümkündür. Buna görə də Türkiyənin bu məsələdə tələsməməsi daha məqsədəuyğun olardı.

- Bölgədə gedən bir maraqlı proses də Rusiya və Belarus arasında cərəyan edir. Bir müddət əvvəl Prezident Lukaşenko Belarusun Rusiyaya birləşdirilməsi ehtimalını dilə gətirdi. Sizcə, belə bir birləşmə mümkündürmü və bu, məsələnin əsl izahı nədir?

- Lukaşenko ara-sıra bu məsələni ortaya atır. Əslində isə Belarusun rəsmi qaydada Rusiyaya birləşdirilməsi ideyası 1990-cı illərdə ortaya çıxıb. Hətta 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində iki dövlət bu məsələdə bir-birinə çox yaxınlaşmışdı. Məlumdur ki, həmin dönəmdə Rusiyanın prezidenti Boris Yeltsin idi. Lukaşenko və Yeltsin bu ideya ilə bağlı bir neçə sənədə imza atdı. Bu sənədlərdən biri də Belarusun Rusiyaya birləşdirilməsi ilə bağlı idi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra isə bu ideyanın qarşısını aldı. Amma Lukaşenko həmişə bu ideyanın tərəfdarı idi. Sadəcə olaraq, onun ideyasına görə, Rusiya Belarusu özünün tərkib hissəsinə almır, dövlət strukturları formalaşanda orada həm Rusiyanın, həm də Belarusun dövlət adamları iştirak etməlidir. Məsələn, ilk dönəmdə dövlətin prezidenti Rusiyadan olursa, növbəti dönəmdə Belarusdan olsun. Yəni, bu şəkildə müəyyən təkliflər var idi.

Amma bu ideya Rusiyanın, yaxud Putinin maraqlarını əks etdirmirdi. Çünki Rusiya bunu iki dövlətin tamamilə birləşməsi kimi qəbul edir Belarusa özünün quberniyası kimi baxır. Yəni, ideya var, amma burada müəyyən maraqlar toqquşur. Digər tərəfdən, son 15-20 il ərzində Rusiya və Belarus arasında dəfələrlə problemlər yaşanıb. Bu problemlər ilk növbədə qazla bağlıdır. Məlumdur ki, Belarus Rusiyadan qaz alır və hər dəfə də bildirir ki, Rusiya qazı baha qiymətə satır. O cümlədən, iqtisadi və gömrük məsələləri ilə bağlı da tərəflər arasında problemlər olur. Lukaşenko da bu problemləri dəfələrlə ictimailəşdirib.

Yəni, belə problemlərin fonunda birləşmək ideyası ortaya atılırdı. Düzdür, son illərdə bu haqda danışılmırdı, amma bu məsələ yenidən gündəmə gəlib. Lakin bu perspektivi olmayan ideyadır. Hesab edirəm ki, Lukaşenkonun gündəmə gətirdiyi bu ideyanın arxasında ciddi siyasət durmur və bu, daha çox daxili auditoriyaya hesablanmış fikirlərdir. Amma bu, müəyyən mənada ruslara da aiddir. Çünki ruslarda da şovinizm var, Belarusla yanaşı bir neçə ölkəyə də bu prizmadan baxırlar ki, “onlar bizlə qardaşdır və Rusiyaya birləşməlidir”. Yəni, bu populist bir çıxışdır.

Amma bir neçə gün əvvəl Lukaşenko başqa bir bəyanat yaydı ki, “Rusiya bizim Qərblə normal münasibətlərdə olmağımızı həzm edə bilmir. Həm də bizim müstəqilliyimizi də istəmir, birləşməyimizi də...”. Ona görə də bu ideyanı ortaya atıblar ki, bizim tam müstəqil siyasət yürütməyimizi istəmirsinizsə, o zaman bunun alternativi bir dövlət çərçivəsində birləşməkdir. Bununla onu da göstərmək istəyir ki, heç Putin bunu da istəmir, yəni, Putinin siyasəti yanlışdır. Digər yandan, görünən başqa bir məsələ də budur ki, Putin və Lukaşenko arasında şəxsi zəmində müəyyən problemlər var. Hərdən münasibətlərə dövlətlər arasındakı problemlər yox, belə xırda problemlər də mənfi təsir edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər