Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm".