Dağlıq Qarabağ münaqişəsinin həlli axtarışında faydalı olmaq üçün hər şey etməyə hazıram.
Teleqraf.com xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak İrəvanda jurnalistlərə açıqlamasında deyib.
ATƏT sədri “Qarabağa getməyə və insanların necə yaşadığını yerindəcə öyrənməyə hazırsınızmı” sualına belə cavab verib: “Mən Minsk qrupunun həmsədrlərinə və səfir Kasprşikə tamamilə etibar edirəm. Hər şeyi onlarla sıx koordinasiya edirəm”.
Münaqişənin nizama salınma prinsiplərindən danışan Miroslav Layçak beynəlxalq səviyyədə tanınmış - ərazi bütövlüyünün qorunub saxlanması, xalqların öz müqəddəratını təyin etmək hüququ, gücdən istifadə edilməməsi və onun təhlükəsi prinsiplərini xatırladıb: “Bu, arxitekturadır, münaqişə bunun əsasında nizama salınmalıdır”.
Separatçı rejimin danışıq prosesində iştirakı barədə suala isə cavabında ATƏT sədri vurğulayıb ki, format dəyişikliyi tərəflərin razılığı ilə olmalıdır.