“Son seçkilərdən sonra Ermənistanın xarici siyasəti bir qədər axsamışdı. Rusiya, İran və eləcə də Azərbaycanla bağlı siyasətində müəyyən ləngimələr yaşandı. Təbii ki, bu, başı seçkilərə qarışmış bir namizədin – Nikol Paşinyanın səhvi deyildi. Keçmiş hakim partiya da hakimiyyətdən getməmək üçün çarpışırdı. Beləliklə, əsas havadarlarla münasibət soyudu”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Firuzə Hüseyn deyib.
Ekspertin fikrincə, xalqını aldadan Paşinyan əvvəlcə bir neçə müsbət addım atmaq istədi, ancaq dərhal Moskvadan “otur yerinə” mesajını aldı:
“Bundan sonra vəziyyətə uyğunlaşmağa çalışan Paşinyan Azərbaycanla danışıqlarda məsafə saxlamağa başladı.
Cənub qonşumuz İran da, Paşinyanın naşı olduğunu gördü və köhnə borcları xatırlatmaq üçün Tehranda onunla görüş təşkil etdi. Unutmaq olmaz ki, kənardan iki qardaş kimi görünən İran və Ermənistan dostluğu al-ver siyasətinə söykənir. Əlbəttə, Ermənistanda marağı olmasaydı, İran bu ölkəyə bu qədər diqqət etməzdi”.
Firuzə Hüseyn hesab edir ki, Tehrandakı görüşdə əsl məqsəd Paşinyanı təbrik etmək deyil, İrandan Qərbə gedəcək qaz kəmərlərinin çəkiləcəyi yeri və köhnə münasibətləri daha da möhkəmləndirmək idi:
“Paşinyanın İran səfərində İrəvanın da öz maraqları vardı. Ermənistan baş naziri Tehranla münasibətləri qaydasına salaraq, İran qazından yararlanmaq ehtimalını dəqiqləşdirmək istəyirdi. Amma Moskva buna imkan yaratmaz ki, Ermənistandakı bazarını İrana versin. Moskva Ermənistanı əlində saxlamaq üçün bu ölkəyə satdığı qazın qiymətlərini ucuzlaşdırmağa da hazırdır.Təki İran Ermənistan üçün Qərbə açılan səhnədə rol almasın…
Amma düşünmürəm ki, Həsən Ruhani Putin qədər iddialıdır. Çünki Ruhani üçün kəmərin haradan keçəcəyi önəmli deyil. Yəni, İran bunun üçün Azərbaycanla da saziş imzalaya bilər. Belə bir ehtimal qaçılmazdır. Əsas budur ki, qaz kəməri Avropaya çatsın. Hesab edirəm ki, bu vəziyyətdə Paşinyan üçün çıxış imkanı məhduddur. O, çökən tavan altında qalan yeganə sütuna oxşayır. Digər yandan da, cəmiyyət verdiyi vədlərini yerinə yetirmək üçün onu sıxışdırmağa başlayıb.
Bu baxımdan, qənaətimə görə, bölgədə əməkdaşlıq üçün İrana münasib olan əsas ölkə Azərbaycandır. Bunu İran da bilir”.