27 Mart 2019 18:54
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zənnimcə, litvalılar çox düzgün hərəkət ediblər. Çünki Vilnüsdə törədilənlər dinc əhaliyə qarşı sovet ordusunun genişmiqyaslı hücumu idi. Bu hücum nəticəsində 14 nəfər həlak olmuş, mindən çox insan zərər çəkmişdi. Litvalılar uzun müddətdir ki, həm həmin hadisələrə beynəlxalq təşkilatlarda siyasi qiymət verilməsinə, həm də onun məhkəmə qaydasında istintaqının aparılmasına çalışırdılar. Nəhayət, bu məsələ öz həllini tapdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bundan əvvəl hadisə Litva parlamentində “Sovet İttifaqının Litva xalqına qarşı ağır cinayəti” kimi qiymətləndirilmişdi:
“Litva digər ölkələrdə də bu hadisələrin siyasi cəhətdən tanınması üçün səylər göstərir. 1990-cı ilin yanvarında Bakıda törədilən hadisələr isə daha qanlı, daha irimiqyaslı bir hadisə idi. Əgər Litvada sovet hərbçiləri televiziya mərkəzini mühasirəyə almış insanlara hücum edib, onlardan 14 nəfəri qətə yetirmişdilərsə, Azərbaycanda hərbi cəza əməliyyatları bütün ölkəni əhatə edib. Bakı şəhərində bu daha irimiqyaslı olub. Bakıda ümumilikdə, 131-dən 170-dək, Lənkəranda isə 8 mülki şəxs qətlə yetirilib. Gəncədə bir neçə insan həbs edilib və yaralanıb. Bir sözlə Azərbaycanın əksər rayonlarında sovet ordusu Yazovun komandanlığı altında repressiya aparıb. Bunun nəticəsində Azərbaycan xalqına çox böyük maddi və mənəvi ziyan vurublar. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, Azərbaycan tərəfi də bu hadisələrə həm siyasi qiymət verməli, həm də həmin hadisələrin günahkarlarını məhkəmə istintaqına cəlb etməlidir”.

Q.Hüseynli qeyd edib ki, doğrudur, 20 yanvar hadisələrinə Azərbaycan parlamentində qiymət verilib, amma həmin cəza tədbirlərinin əsas təşkilatçılarından biri olan Yevgeni Primakovun adı baş verən hadisələrin təşkilatçıları sırasında çəkilməyib:
“Bu onunla əlaqədar idi ki, parlamentdə həmin məsələ müzakirə olunan zaman Primakov Rusiya Əks-Kəşfiyyat İdarəsinin rəisi idi. Heç Qorbaçovun adı da orada əməlli-başlı göstərilməyib. Düzdür, bir sıra şəxslərin, məsələn SSRİ-nin müdafiə naziri Dmitri Yazovun, daxili işlər nazirinin müavini Barannikovun, digər şəxslərin adları çəkilir, amma bütövlükdə hadisələrin tam, dəqiq siyasi qiyməti verilmir. Ən dəqiq qiymət isə o zaman verilə bilərdi ki, həmin dövrdə hadisələrə birbaşa Sov.İKP Mərkəzi Komitəsinin nümayəndəsi kimi rəhbərlik etmiş Primakov, həmçinin, 1989-1991-ci illərdə Sov.İKP MK-nın katibi Andrey Girenkonun, o cümlədən Qorbaçovun adı da parlamentin qəbul edilmiş qərarlarında öz əksini tapaydı. Azərbaycan parlamentinin qəbul etdiyi qərar ciddi qərardır. Ancaq bundan sonra 20 yanvar hadisələrini təhqiq edən prokurorluq orqanları mütləq vaxtilə qaldırılmış cinayət işinin istintaq tədbirlərini davam etdirməli, bütün günahkarları aşkara çıxarıb həmin istintaqı məhkəməyə təqdim etməlidir”.

Qeyd edək ki, Vilnüs dairə məhkəməsi SSRİ-nin sonuncu müdafiə naziri Dmitri Yazovu qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib. Onu 1991-ci ilin 13 yanvarında bu ölkədə baş verən hadisələrlə bağlı mühakimə ediblər. D.Yazov hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər