Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün Vyanadakı “Bristol” hotelində keçirilən görüşdə bir sıra incə nüanslar diqqəti cəlb edib.
Teleqraf.com xəbər verir ki, bunlardan birincisi görüşün keçirildiyi məkana hansı ölkə liderinin birinci daxil olması ilə bağlıdır.
Görüş ərəfəsində çəkilən videoda hotelin danışıqların aparıldığı “Burggatten” salonuna ilk olaraq Nikol Paşinyanın daxil olduğu görünür.
Onun görüşün keçiriəcəyi zala ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə, öz ölkəsinin xarici işlər naziri və nümayəndə heyətinin üzvləri ilə daxil olduğu görünür.
Paşinyan içəri keçərək Azərbaycan Prezidentini gözləməyə başlayıb. O, təxminən 8 dəqiqəyə yaxın Prezident İlham Əliyevi gözləyib. Bundan sonra Azərbaycan Prezidentinin yuxarı mərtəbədən salona düşdüyü görünür. ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov onunla birgə addımlayır. Arxadan isə digər iki həmsədr – Stefan Viskonti (Fransa) və Endrye Şofer (ABŞ) gəlir.
Digər bir nüans liderlərin görüş öncəsi əl sıxıb-sıxmaması ilə bağlıdır. Yayımlanan foto və videokadrlarda İlham Əliyev və Nikol Paşinyanın bir-birinin əlini sıxdığı görünmür. Böyük ehtimalla bu baş verməyib. Yalnız liderlərin kürsüdə oturduqları fotosu mediada yayılıb. Güman etmək olar ki, onlar görüş öncəsi bir-birlərinin əllərini sıxmayıblar. Əgər bu baş versəydi, həmçinin liderlərin çöhrəsində təbəssüm olsaydı, bu anın fotoları heç şübhəsiz anındaca yayılardı.
Liderlərin mimikalarından da hansı əhval-ruhiyyədə olduqlarını sezmək asan deyil. Ancaq hər bir halda İlham Əliyevin görünüşündən onun qətiyyətli, özünə əmin olduğunu müşahidə etmək mümkündür.
Qeyd edək ki, bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilir.
Görüş Vyanadakı “Bristol” hotelində baş tutur. Artıq geniş tərkibli görüş başa çatıb, hazırda təkbətək görüş davam etdirilir.