Teleqraf.com saytının suallarını politoloq Şahin Cəfərli cavablandırıb. Müsahibəni təqdim edirik:
– Şahin bəy, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
– Müsbət qiymətləndirirəm. O baxımdan ki Türkiyədə son illərdə insan hüquq və azadlıqları, siyasi azadlıqlar sahəsində problemlər yaşanmasına baxmayaraq, bu seçki ümumən demokratik keçirildi. Yəni, seçki günü hər hansı ciddi pozuntu olmadı. Düzdür, seçkiqabağı şərait heç də bərabər deyildi.
Yəni, tərəflər arasında qeyri-bərabər imkanlar var idi. Hakimiyyət partiyası və onun ortağı MHP dövlət imkanlarından, inzibati resurslardan daha çox faydalanırdı və müxalifətin imkanları məhdud idi. Amma bütün bunlara baxmayaraq, seçki günü normal keçdi. Yeganə olaraq İstanbuldakı nəticələrin açıqlanmasında problem yaranması ümumi prosesə bir az kölgə saldı, amma o məsələ də səhər saatlarında həll olundu və “Millət” ittifaqının namizədi Əkrəm İmamoğlunun öndə olduğu rəsmən etiraf olundu. Seçkinin demokratikliyi baxımından mən bu prosesi müsbət qiymətləndirirəm.
– Bu nəticələri – xüsusilə İstanbul və Ankarada CHP-nin, daha doğrusu “Millət” ittifaqının namizədinin qalib gələcəyini gözləyirdinizmi?
– Ankarada gözləyirdim. Çünki Ankarada “Millət” ittifaqının namizədi Mansur Yavaş çox nüfuzlu şəxsiyyətdir. Ankarada uşaqdan böyüyə hər kəsin tanıdığı və hörmət etdiyi insandır. O, əvvəllər dəfələrlə Ankara Böyükşəhər Bələdiyyəsinə namizəd olub. 2009-da MHP-dən namizəd olub və üçüncü yeri tutub. 2014-cü ildə isə CHP-dən namizəd olub və çox az fərqlə AKP-nin namizədi Melih Gökçəkə uduzub. Xatırlayırsınızsa, o seçkilərdə səs fərqi həddən artıq az olduğu üçün mübahisələr də olmuşdu. Yəni, müxalifət hakimiyyətin pozuntulara yol verdiyini iddia edirdi. Məhkəməyə müraciətlər də oldu, amma qəbul olunmadı. Yəni, müəyyən şübhələr qalmışdı ki, ola bilsin, Mansur Yavaş qalib gəlib və hakimiyyət nəticələrə müəyyən qədər əl gəzdirib.
2009-cu ildə böyükşəhərə namizəd olmazdan əvvəl isə Mansur Yavaş Ankaranın Bəypazarı rayonunda iki dəfə ardıcıl MHP-dən bələdiyyə başqanı olub. Yəni, paytaxtda bütün təbəqələrin kifayət qədər tanıdığı və hörmət etdiyi bir şəxsiyyət idi. Eyni zamanda CHP-nin namizədi olmasına baxmayaraq, sağçı, mühafizəkar seçicilərdən də səs ala biləcək bir namizəd idi. Ona görə də mən onun ciddi problem olmadan qalib gələcəyini gözləyirdim. Onun rəqibi güclü namizəd idi. Mehmet Özhaseki Türkiyədə ekologiya və şəhərçilik naziri vəzifəsini tutub. Amma belə deyək, Ankara xaricindən gəlmişdi. Əvvəl Kayseri şəhərinin bələdiyyə başqanı olub. Yəni, ankaralı deyil. Onun əsas çatışmayan cəhəti bu idi ki, ankaralı deyildi və Ankaraya gəlib paytaxtın bələdiyyə başqanı olmaq istəyirdi. Bu, onun şanslarına müəyyən qədər mənfi təsir etdi. Ona görə də Ankaradakı nəticələr mənim üçün tam gözlənilən idi.
İstanbulda bir az gözlənilməz oldu. O baxımdan ki, İstanbulda hakimiyyətin namizədi çox güclü şəxs idi. Yəni, “Cümhur İttifaqı” güclü bit şəxsiyyəti, dövlətin ikinci adamını, parlamentin sədri Binəli Yıldırımı, – hansı ki, əvvəl baş nazir və hakim partiyanın lideri vəzifəsini də tutmuşdu, – namizəd göstərmişdi. CHP isə İstanbul şəhərinin kiçik rayonlarından biri olan Bəylikdüzünün bələdiyyə başqanı Əkrəm İmamoğlunun namizədliyini irəli sürmüşdü. İlk vaxtlar İmamoğlu nəinki İstanbul miqyasında, hətta CHP-nin içində də bir o qədər tanınmayan, məşhur olmayan bir şəxs idi. Ona görə İmamoğlunun namizədliyi açıqlandığı ilk günlərdə, həftələrdə heç kim ona şans vermirdi. Hətta CHP-çilər özləri də onun uğur qazanacağına inanmırdılar. Amma həftələr, günlər irəlilədikcə İmamoğlunun şanslı olduğu ortaya çıxdı.
Daha doğrusu, şansı artdı. Çünki əvvəla, çox yaşı kampaniya apardı. Həddən artıq çox işlədi. Hər gün şəhərin küçələrində idi. Hər gün insanlarla söhbət etdidi və təkcə CHP-çilər yox, bütün digər təbəqələrdən olan insanlarla da çox yaxşı münasibətlər qurmuşdu. Ümumiyyətlə, Ankarada olduğu kimi İstanbulda da CHP-nin namizədi əslində klassik CHP-çi deyildi. Yəni İmamoğlu heç vaxt klassik solçu siyasətçi kimi tanınmayıb. Özü mühafizəkar – dindar ailədən gəlir. İmamoğlu özü də dini inanclara çox yaxın və çox sayğılı bir şəxsiyyət kimi tanınıb. Hətta, “Quran” hafizliyi də var. Şəhərdə tanındıqca bütün bu xüsusiyyətlərin hamısı onun şansına müsbət təsir etdi.
Eyni zamanda İstanbulda və ümumiyyətlə, Türkiyədə bir həmşərilik məsələsi də var. Düzdür, bizdəki regionçuluq kimi deyil, amma insanlar öz həmyerlilərinə həmişə hörmət edirlər və öz həmyerlilərinə dəstək verməyə meyilli olurlar. İstanbul əhalisinin təxminən 1/3-i, yəni 30-32 faizi ölkənin Qaradəniz bölgəsindən olan insanlardır. İmamoğlunun Qaradəniz bölgəsindən, yəni Trabzondan olması faktoru da onun şansına mən hesab edirəm ki, az da olsa, müsbət təsir etdi. İstanbuldakı qaradənizlilərin ona meyli artdı. Təbii ki, qaradənizlilərin neçə faizinin İmamaoğluna səs verdiyi dəqiq bilinmir. Amma mən hesab edirəm ki, o, qaradənizlilərdən ciddi miqdarda səs ala bilib. Bu amil də onun şansına müsbət təsir etdi.
İmamoğlunun qələbəsini təmin edən faktorlardan biri isə kürd faktorudur. Bilirsiniz ki, etnik kürdlərin partiyası olan HDP İstanbuldan və digər bir çox böyük şəhərdən namizəd irəli sürmədi. HDP seçiciləri mövcud namizədlər arasında seçim edəndə CHP namizədlərinə üstünlük verdilər. Çünki HDP-çilər arasında hakimiyyətin, konkret prezident Ərdoğanın son illər apardığı siyasətdən bir az narazılıq var. Xüsusən də 2015-ci ildə kürd probleminin həlli üzrə çözüm sürəci deyilən proses başa çatdı və dövlət yenidən kürd məsələsində sərt siyasət yürütməyə başladı.
Bu sərt siyasət nəticəsində kürdlər arasında AKP-nin və Ərdoğanın əvvəlki nüfuzu aşağı düşməyə başladı. Bu seçkidə kürdlər, daha doğrusu, kürdlərin hamısı yox, HDP qərar verdi ki, tərəfdarları hakimiyyət namizədlərinin əleyhinə səs versinlər. Həbsdəki HDP liderlərindən biri olan Səlahəddin Dəmirtaş da öz partiya üzvlərinə və tərəfdarlarına belə bir müraciətlə çıxış etdi ki, bizim namizəd vermədiyimiz şəhərlərdə və vilayətlərdə iqtidar partiyasının əleyhinə səs verin. Bax, bu çağırışın HDP-çilərin seçkiyə gedib CHP namizədlərinə səs verməsində böyük təsiri oldu. Yəni, İmamoğlunun qələbəsində bu amilin – kürd amilinin də mühüm rolu var.
– Bəs kürdlərin yaşadığı bölgələrdə HDP-nin az səs toplamasının səbəbi nədir?
– Az səs deməzdim. Amma son illər HDP-nin bir çox liderləri həbs olunub. Bayaq qeyd etdim, bildiyiniz kimi HDP-nin ən parlaq lideri Səlahəddin Dəmirtaş idi. Onun kürdlərin içində çox böyük nüfuzu var. Dəmirtaşın və digər liderlərin həbsi, çözüm sürəci bitdikdən sonra HDP-nin müəyyən qədər təzyiq altında saxlanılmasının bu partiyanın fəaliyyətinə müəyyən neqativ təsiri oldu. O cümlədən güney doğuda, yəni HDP-nin ənənəvi olaraq güclü olduğu vilayətlərdə də HDP-nin şansına bu faktorun mənfi təsiri olub. Bu, birinci amildir. İkinci amil isə bilirsiniz ki, ötən illərdə HDP-dən olan bəzi bələdiyyə başqanları vəzifədən uzaqlaşdırılmışdı. O bələdiyyə başqanlarının yerinə dövlət qəyyum bələdiyyə başqanları təyin etmişdi. O qəyyumların bəziləri güney doğu vilayətlərində çox uğurlu fəaliyyət göstərdilər və yerli əhalinin rəğbətini qazandılar. Həmin qəyyumlar bu seçkidə AKP tərəfindən bələdiyyə başqanlığına namizəd göstərildi və bəziləri qalib gəldilər. Yəni, qəyyumların qısa müddətdə gördükləri iş və qazandıqları simpatiya onların seçilməsində mühüm rol oynadı və müvafiq olaraq HDP-nin səslərinin azalmasına təsir göstərdi. Yəni, əsas bu iki amildir.
– Sizcə İyi Partiya və Səadət Partiyası niyə uğur qazana bilmədi?
– İyi Partiyanın məğlub olduğunu söyləmək istəməzdim. Bildiyiniz kimi, İyi Partiya CHP ilə ittifaqda – “Millət ittifaqı”nın tərkibində bu seçkilərə getdi. “Millət ittifaqı”nın uğurlarında İyi Partiyanın da ciddi rolu var. Yəni, bu təkcə CHP-nin qələbəsi deyil, həm də İyi Partiyanın qələbəsidir. İyi Partiyanın dəstəyi olmasaydı, bəzi vilayətlərdə CHP namizədləri qalib gələ bilməzdi. Bu baxımdan mən hesab edirəm ki, CHP namizədlərinin uğurunda İyi Partiyanın da ciddi rolu var.
Təbii ki, İyi Partiya heç bir böyük şəhəri və vilayəti götürə bilmədi. Amma bəzi vilayətlərin ilçələrində, yəni rayonlarında qalib gəldi. Səhv etmirəmsə, 18-19 il ilçə bələdiyyəsini qazandı. Hesab edirəm ki, bu da yeni yaranmış bir partiya üçün çox da uğursuzluq sayıla bilməz. İyi Partiya yeni yaranıb və yarandığı gündən də belə deyək, müəyyən qədər təzyiq altındadır. MHP dövlətin bütün gücünü arxasına alıb, dövlət aparatı MHP-ni dəstəkləyir. Öz növbəsində İyi Partiyaya da müəyyən təzyiqlər var. Bu baxımdan mən hesab edirəm ki, İyi Partiyanın nəticələrini uğursuzluq saymaq olmaz. Təbii ki, qələbə də deyil. Amma uğursuzluq da deyil. İyi Partiya yeni yaranan bir partiya kimi çətinliklə də olsa, irəliləməkdədir. Mən hesab edirəm ki, onun lideri Meral Akşenerin Türkiyədə perspektivi var.
Səadət Partiyasına gəldikdə isə deməliyəm ki, ümumiyyətlə, AKP meydana çıxandan sonra Səadət Partiyasının əksər seçicilərini özünə cəlb edib. İkisi də eyni kəsimlərə, eyni təbəqələrə xitab edən, yəni dindar-mühafizəkar partiyalardır. AKP güclü olduğu və Səadət Partiyasının təkbaşına parlamentə keçmək şansı olmadığı üçün, – çünki parlamentə düşmək üçün 10 faizlik baryer var, – ötən illərdə Səadət Partiyasının əksər üzvləri həmişə bu partiyaya deyil, AKP-yə səs veriblər. Onlar düşünüblər ki, onsuz da biz öz partiyamıza səs versək, parlamentə keçə bilməyəcəyik. Özümüzə yaxın bildiyimiz başqa bir partiyaya səs verək. Bu baxımdan həmişə AKP-ni dəstəkləyiblər. Yəni, Səadət Partiyasının əsas problemi onunla eyni ideoloji-siyasi görüşləri paylaşan başqa bir güclü partiyanın mövcudluğudur. AKP-nin mövcudluğu Səadət Partiyasının inkişafı və nüfuz qazanması önündə ən böyük əngəl olaraq qalır.
Amma bu seçkidə mən hesab edirəm ki, Səadət Partiyasının bəzi yerlərdə qazandığı səslər AKP-nin şansını azaltdı. Məsələn, İstanbulda Səadət Partiyasının namizədi səhv etmirəmsə 1,2 faiz səs yığıb. Bu 1,2 faizlik əgər Binəli Yıldırıma keçmiş olsaydı, yəni AKP-yə getmiş olsaydı, Yıldırım qalib gələrdi. Bu baxımdan Səadət Partiyasının səsləri AKP-nin İstanbulda məğlubiyyətində çox kritik rol oynayıb. Əgər önümüzdəki illərdə AKP yavaş-yavaş zəifləyərsə, müvafiq olaraq Səadət Partiyasının bir az güclənməsi və nüfuz toplaması prosesi başlayacaq. Səadət Partyasını tam perspektivsiz partiya saymıram. Gələcəyi olan partiyadır.
– Bu seçkinin nəticələri, xüsusən ölkənin ən böyük şəhərində və paytaxtda müxalifətin qalib gəlməsi AKP-yə və konkret prezident Ərdoğana hansı problemlər yarada bilər?
– Bu nəticələr Ərdoğanın 17 illik hakimiyyəti dövründə məncə ilk məğlubiyyətidir. Düzdür, “AKP məğlub oldu” demək olmaz. Hələ də AKP ən güclü və ən reytinqli partiya olaraq qalır və bələdiyyələrin çoxunu da ölkə üzrə məhz AKP götürüb. Amma önəmli böyük şəhərlərin, xüsusən Ankara və İstanbulun itirilməsi hər halda qələbə deyil. Aydındır ki, bu məğlubiyyətdir və ciddi məğlubiyyətdir. Təkcə Ankara və İstanbul yox, digər böyük şəhərlərdə də, məsələn Adana, Antalya, Mersin kimi Türkiyənin önəmli sənaye-turizm mərkəzlərində müxalifətin qalib gəlməsi AKP və Ərdoğan üçün mənfi haldır.
Təbii ki, paytaxtda və ölkənin ən böyük şəhərində müxalifətin qələbəsi ölkədə yeni siyasi situasiyanın yaranması deməkdir. Bu qələbə şübhəsiz ki, CHP-yə yeni güc, yeni nəfəs verəcək və bu partiya növbəti seçkilərdə daha uğurlu nəticələr əldə etməyə çalışacaq.
Eyni zamanda gözlənilir ki, bu məğlubiyyətlərdən sonra AKP içərisində, ümumiyyətlə milliyyətçi-mühafizəkar cameədə yeni bir partiyanın yaradılması təşəbbüsləri də ortaya çıxa bilər. Uzun müddətdir Türkiyədə belə bir söz-söhbət yayılıb ki, AKP-nin keçmiş liderləri – yaxın keçmişdə ölkənin rəhbərliyində təmsil olunan insanlar, məsələn sabiq prezident Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu, sabiq iqtisadiyyat naziri Əli Babacan və Ərdoğandan belə deyək, küskün düşmüş, ayrılmış digər nüfuzlu siyasətçilər yeni bir siyasi partiya yaratmaq üçün çalışırlar. Yəni, xeyli vaxtdır belə söz-söhbət gəzir. İndi nə qədər real olduğu hələ məlum deyil. Amma hər halda o məlumdur ki, həmin şəxslər bu söz-söhbətləri, şayiələri təkzib etməyiblər. Yəni, onların belə bir niyyəti var. Yeni bir siyasi partiya yaratmaq, yeni partiyalaşma prosesinə başlamaq niyyətləri mövcuddur. Onlar bunu həyata keçirməyə qərar verərsə bu, heç şübhə yoxdur ki, AKP-də müəyyən qopmalara səbəb ola, ümumilikdə AKP-nin şanslarını azalda bilər.
Qarşıdakı 4 illik bir dövrdə Türkiyədə hər hansı seçki gözlənilmir. Təbii ki, erkən seçki ehtimalının olub-olmadığına dair sualınız ola bilər. Deməliyəm ki, hələlik erkən seçki ehtimalı zəif görünür. Qanuna əsasən, növbəti prezident və parlament seçkisi 2023-cü ilin iyununda keçirilməlidir. Əgər 2023-cü ilədək olan dövrdə mühafizəkar cameənin içərisində yeni bir siyasi partiya meydana çıxarsa, yəni Abdulla Gül, Davudoğlu, Babacan deyildiyi kimi partiya yaratmaq planlarını reallaşdırarsa, eyni zamanda ölkədəki iqtisadi böhranın da təsiri ilə AKP-nin reytinqinin azalması və partiyanın zəifləməsi meyilləri yarana bilər. Yəni, mən hesab edirəm ki, 2023-cü ilədək AKP-nin zəifləməsi ehtimalı güclüdür.