12 Aprel 2019 09:01
2 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Andranik Köçəryanın açıqlaması, zənnimcə, tam həqiqəti əks etdirir. O zaman Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda xeyli məsafə qət edilmişdi. Hətta razılaşmanın ilkin variantı kağız üzərində idi. Noyabrın 18-19-da ATƏT-in İstanbulda keçiriləcək sammitində iştirak üçün ABŞ-ın o vaxtkı prezident Bill Klintonun Türkiyəyə gəlməsi gözlənilirdi. İstanbulda eyni zamanda Bakı-Tiflis-Ceyhan neft kəmərinin xəttinin müəyyənləşdirilməsinə dair saziş imzalanmalı, bu kontekstdə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ məsələsinə dair indi müzakirə etdiklərimizdən qat-qat yaxşı və bizi təmin edəcək böyük sülh sazişi imzalanmalı idi.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, sammitin keçirilməsinə 20 gün qalmış – oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədildi:

“Həmin terror aktı nəticəsində ümumilikdə 8 nəfər, o cümlədən Ermənistanın baş naziri Vazgen Sərkisyan, parlamentin spikeri Karen Dəmirçyan, vitse-spikerlər Ruben Miroyan və Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrik Abramyan və Mikael Kotanyan qətlə yetirildilər. Nəticədə İstanbulda münaqişənin həllinə dair sözügedən sənədi imzalamaq mümkün olmadı. Oktyabrın 30-da Aleksandr Spendiarov adına Milli Opera və Balet Teatrında tanınmış siyasi xadimlərlə vida mərasimi keçirildi. Vida mərasimində iştirak etmək üçün Rusiyanın o dövrdə yenicə baş naziri olan Vladimir Putin də İrəvanda 5 saatlıq səfərdə oldu. O zaman erməni qəzetləri də, Azərbaycanda müəyyən ekspertlər də ehtimalən yazırdılar ki, bu məsələnin arxasında Rusiya dayanır. Rusiya həm Qarabağ münaqişəsinə dair sazişin imzalanmasını önləmək, həm də ABŞ Prezidentinin himayəsi altında Bakı-Tiflis-Ceyhan neft kəmərinin xəttinin müəyənləşdirilməsi işini pozmaq istəyirdi. Belə yazanlar da var idi ki, Rusiya bir güllə ilə iki dovşan vurmaq istəyir. Onun üçün Qarabağ sazişinin imzalanmaması daha çox lazım idi. Çünki bu razılığın pozulması ilə Moskva özünün bölgədəki təsir dairəsini qoruyub saxlayırdı. Mən o hadisələrin şahidi kimi deyə bilərəm ki, oxuduğum, öyəndiyim ekspert şərhləri, özümün mülahizələrin yalnız bir mənbəni – Moskvanı və Putini göstərirdi. Başa cür Ermənistan parlamentinə hücum təşkil etmək mümkün olmazdı”.

Q.Hüseynli onu da bildirib ki, Andranik Köçəryanın açıqlaması Ermənistan tarixinin ən qaranlıq səhifələrinin birinin açılmasına xidmət edir:

“Hazırda Ermənistanda çox adam istəyir ki, bu hadisələrə işıq salınsın. Nikol Paşinyanın partiyasının üzvünün bunu söyləməsi bir qədər maraq kəsb edə bilər. Amma mənə elə gəlir ki, bu həm də onun vətəndaşlıq borcudur. Yəqin ki, bu hadisələri uzun müddətdir araşdırırmış. Bu araşdırmalar nəticəsində gəldiyi qənaəti öz cəmiyyəti ilə bölüşür və bu düşüncələrini populyarlaşdırmaq istəyir”.

Qeyd edək ki, Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan “27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” deyə bildirib. O bu açıqlama ilə komitənin 27 oktyabr hadisələrinə həsr olunmuş iclasında çıxış edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər