16 Aprel 2019 09:12
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada nazirlərin bir araya gəlməsi martın 29-da Vyanada keçirilən görüş konteksində baş tutub. Vyanada hər iki ölkə rəhbəri öz nazirlərinə tapşırıq vermişdi ki, bir araya gələrək yeni görüşün gündəliyinə baxaraq, ölkə başçılarına təqdim etsinlər.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Moskvada baş tutan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüşü şərh edərkən deyib.

Politoloq əlavə edib ki, Moskva təmasında daha çox diqqəti cəlb edən məqam görüşün Sergey Lavrovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsidir: “Burada sanki Moskva bir tərəfdən Ermənistanın müttəfiqi, digər tərəfdən Azərbaycanın portnyoru olaraq çalışır ki, müəyyən güzəştli qərarlar əldə etsin. Fikrimcə, belə bir görüş zamanı gözlənilməz qərarların qəbulu reallıqdan uzaq idi. Belə bir gözləntilər də yox idi. Bu nazirlər arasında növbəti görüş idi. Fikrimcə, belə təmaslarda daha çox cari məsələlər müzakirə edilir. Odur ki, görüşün ilkin nəticələri açıqlanıb. Bildik ki, hər hansı bir ciddi qərar qəbul edilməyib və bunu da gözləmirdik. Amma Ermənistan əvvəlcədən danışıqlara məhkum idi. Onların müxtəlif bəyanatlar verməsi, üçüncü tərəfin danışıqları cəlb edilməsi məsələsi artıq arxa plana keçib. Onlar anlayıblar ki, nə Azərbaycan, nə də həmsədrlər bu təklifi heç vaxt qəbul etməyəcək. Hesab edirəm ki, Lavrovun görüşdə iştirakı ola bilsin ki, gündəlikdə yeni təkliflərin ola bilməsindən xəbər verir. Bu təkliflər yenidən ölkə başçılarına təqdim ediləcək və müzakirələr davam edəcək”.

Xatırladaq ki, bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.


Müəllif: Cavad

Oxşar xəbərlər