22 Aprel 2019 13:36
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq, ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imaza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək və sair.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğurlar heç şübhəsiz, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir:

“Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamafob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları beşinci kolon üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Bir qədər konkret ifadə etməyə çalışsaq, görəcəyik ki, hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq müqaviləsidir. Bunun başlıca səbəbi isə odur ki, həmin müqavilədə Aİ-yə üzv olan ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi öz əksini tapacaq. Bu isə işğalcı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir. Çox maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif marginallar da Azərbaycanı məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər. Bunu isə Azərbaycan cəmiyyətinə guya Avropa İttifaqı ilə imzalanacaq sazişin milli maraqlarımıza cavab vermədiyi ilə izah etməyə çalışırlar. Ancaq ölkəmizdə hər kəs başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla milli maraqlarımıza qarşı əleyhdarlarımızla birgə çalışırlar”.

H.Babaoğlunun sözlərinə görə, başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq:

“Bu faktor isə Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək və təbii ki, bu faktor da işğalçı Ermənistanın lehinə deyil”.

Politoloq onu da bildirib ki, nəhayət, ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidr:

“Opinion Way şirkətinin sorğu anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi də anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və onun müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamqla zəiflətmək və beləliklə, Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görəcəyik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən “mühacirət müxalifəti”, nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun, Qarabağ problemindən danışmırlar. Çünki onlar sadəcə, anti-Azərbaycan mərkəzlərindən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər