Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, Ukraynada hələ seçkidən əvvəl bəyan etmişdiniz ki, Vladimir Zelenski qalib gələcək. Seçkilər başa çatıb, qalib bəllidir. Bundan sonra Ukraynada hansı ssenarilər ortaya çıxa bilər?
- Qeyd etmişdim ki, Zelenski qalib gələcək və başda Ukrayna olmaqla postsovet regionunda gərginlik artacaq. Çünki bunun obyektiv səbəbləri var. Hətta Zelenski qalib gəlməsə və Poroşenko təkrar seçilsəydi belə mahiyyət etibarı ilə Qara dəniz hövzəsində və postsovet məkanında köklü dəyişiklik olacaqdı.
Artıq Rusiya Krımı ilhaq etdikdən sonra qlobal və regional miqyasda ABŞ-Rusiya qarşıdurması həlledici mərhələyə daxil olub. Hər iki tərəf bu qarşıdurmaya ciddi şəkildə hazırlaşır. Hazırlıq işlərinin birinci mərhələsi başa çatıb, indi tərəflər inkişaf etdirilən hərbi-strateji potensial əldə etmək üçün çalışır. Bu da 2021-ci ilə qədər başa çatacaq.
İndi biz tərəflərin öz strateji potensialını inkişaf etdirməsi mərhələsini müşahidə edirik. Qeyd edim ki, tərəflər faktiki olaraq “soyuq müharibə” protokollarına keçib. Bu barədə media açıq yazır, ABŞ-da artıq bu protokollara keçid var.
Ukrayna-2020 proqramı intensiv formada həyata keçirilir. Bu NATO tərəfindən qəbul edilən proqramıdır. Bu proqram başa çatanda Ukrayna Silahlı Qüvvələri faktiki NATO standartlarına uyğunlaşdırılmış olacaq. Eyni zamanda NATO Qara dənizdə daimi fəaliyyət göstərən qruplar yaradıb və onlar aktiv fəaliyyət göstərir. Bu yaxınlarda elan edilib ki, Qara dənizdə olan NATO-nun hərbi dəniz qrupları 120 günlük təlimlərə başlayıb. Bu, çox təəccüblüdür.
Bu o deməkdir ki, NATO faktiki olaraq Qara dənizdə daimi fəaliyyət göstərəcək.
Digər tərəfdən, NATO özünün çevik qüvvələrini hazırlayıb. Bu qüvvələr əsasən Polşada və Baltik regionunda, onun bir hissəsi isə dənizdə yerləşdirilib. Bir maraqlı məqam daha var. NATO Türkiyəyə təklif edir ki, 2020-ci ildə həm NATO-nun Qara dəniz donanmasına, həm də NATO-nun çevik qüvvələrinə rəhbərliyi öz üzərinə götürsün. Yəni faktiki olaraq ABŞ başda olmaqla NATO Türkiyəyə Rusiya ilə qarşıdurmada öncüllük etməyi təklif edir.
Ona görə də Ukraynada Zelenskinin prezident seçilib-seçilməməsindən asılı olmayaraq gərginlik artacaq. Zelenskinin seçilməsi də Ukrayna daxili siyasi gərginliyi qüvvətləndirəcək. Çünki hələ ilin sonuna qədər indiki parlament və hökumət fəaliyyət göstərəcək. Zelenskinin isə parlament çoxluğu yoxdur ki, vəzifəsinin icrasına başlayan kimi yeni hökumət qursun və öz proqramını yerinə yetirsin.
Hələlik Zelenskinin komandası və proqramı bəlli deyil. Başqa sözlə, qeyri-müəyyənlik var. Fikrimcə, Rusiya ilkin dövrdə Zelenski ilə dialoq qurmağa çalışacaq, amma obyektiv səbəblər üzündən Zelenski ilə Rusiyanın dialoq qurması çətin olacaq. Əgər Rusiya ilə dialoq qurmağa Trampın gücü çatmadısa, yəqin ki, Zelenskinin gücü də çatmayacaq. Qənaətimcə, dərin müharibə gedir və gərginliyin yüksələcəyi qaçılmazdır.
Hələlik ilin sonuna qədər Zelenski Ukrayna siyasətinə ciddi təsir göstərə bilməyəcək və Ukraynada daxili mübarizə ilin sonuna qədər artan xətt üzrə davam edəcək.
- Zelenskinin nə komandası, nə də proqramı var. Komandasız və proqramsız şəxsin prezident seçilməsi unikal hadisə sayıla bilər. Sizcə, onun komandası varmı?
- Təbii, belə bir adam hakimiyyətə gəlibsə, onun arxasında qüvvə dayanıb. Zelenskinin özünün olmasa da, arxasında duran gücün proqramı və komandası olmamış deyil. Zelenskinin andiçmə mərhələsindən sonra biz onun komandası və proqramının çərçivəsini görməyə başlayacağıq.
Mətbuata sızan məlumata görə, mayın sonu Zelenskinin andiçmə mərasimi gözlənilir. Deməli, gələn ayın sonlarında onun komandası və proqramı haqqında danışmaq mümkün olacaq. Hesab edirəm ki, əsas məsələ onun arxasında duran qüvvədir. Bu, həmin qüvvədir ki, ABŞ-da Donald Trampı hakimiyyətə gətirib, Fransada Emmanuel Makronun iqtidara gəlməsini təmin edib.
Həmin güc Zelenskinin də arxasındadır və mənə elə gəlir, Zelenskinin siyasətini izləmək üçün İsrail-Rusiya və Tramp-Rusiya münasibətlərinə baxmaq lazım olacaq.
- Siz, iddia edirsiniz ki, Zelenskinin arxasında dünya yəhudi maliyyə şəbəkəsi durur?
- Bəli. Biz bu barədə getdikcə daha çoxlu fakt və dəlillərin şahidi olacağıq.
- Sizcə, Zelenski nə dərəcədə uğur qazana bilər?
- Qruplaşdırsaq Ukrayna üçün iki vacib problem var. Bunlardan biri Ukraynanın ərazi bütövlüyü, torpaqlarının işğalı məsələsidir. Yəni Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı problemi, Donbasın bir hissəsinin işğalı, Krımın ilhaqı, Rusiyanın artan təzyiqi ilə bağlıdır.
İkinci problem isə ölkədəki mövcud sosial-iqtisadi durumla bağlıdır, korrupsiya ilə mübarizə ciddi məsələdir. Yəni ən ciddi məsələlərdən biri də korrupsiyaya qarşı mübarizə və demokratik islahatların aparılmasıdır. Beləliklə, Ukraynanın problemlərini belə sadalaya bilərik: Ukraynanın müdafiəsi, ölkədə islahatların aparılması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə.
Təbii ki, Zelenskini hakimiyyətə gətirən beynəlxalq güc ona maliyyə dəstəyi verəcək. Bu mənada Zelenski ölkə daxilində sosial-iqtisadi durumun yaxşılaşmasını təmin edə bilər.
Amma demokratik islahatları dərinləşdirə və effektiv apara biləcəkmi, korrupsiya ilə aktiv mübarizə olacaqmı, Rusiya qarşısında duruş gətirə biləcəkmi kimi məsələləri gələcək göstərəcək. Eyni zamanda Ukrayna daxilində gedən siyasi proseslər, siyasi inkişafın dinamikası bu yöndə mühüm faktor kimi çıxış edəcək. Üstəlik, qarşıdan parlament seçkiləri gəlir və ilin sonuna qədər Zelenskinin istədiyi proqramı həyata keçirməsində obyektiv problemlər mövcuddur. Hökumət və parlament yerində qalacaq, yüz gün sonra isə insanlar Zelenskidən hesabat tələb edəcək, xüsusilə ona qarşı sərt mövqedə duranlar. Odur ki, Ukraynada vəziyyətə aydınlıq ilin sonuna doğru gələcək.
- Prezidentlər Yuşşenko və Poroşenko da zamanında xalqa verdikləri vədləri yerinə yetirmədikləri üçün seçkilərdə biabırçı formada uduzdular. Zelenskini belə bir siyasi tale gözləyə bilərmi?
- Hələlik Zelenski siyasi fiqur etibarı ilə bir müəmmadır. Çünki onun siyasi təcrübəsi yoxdur, indiyə qədər heç bir vəzifə tutmayıb. Yəni nə siyasi, nə də bürokratik təcrübəsi olmayıb. Ona görə də, Zelenskinin özünün dövlət başçısı və siyasətçi kimi necə göstərəcəyinə birlikdə baxıb görəcəyik.
Məncə, onun komandası, məsləhətçiləri önəmlidir. Fiqur zəif olsa da, müşavirlər komandası və peşəkar hökumət formalaşdıra bilsə, ciddi irəliləyişlərə nail ola biləcək.
- Zelenskinin Ukraynada oliqarxik sistemi sıradan çıxarması və ölkəni normal xəttə oturtması nə dərəcədə mümkündür?
- İndidən bu haqda danışmaq tez olar. Aydındır ki, bu, çox çətin və problemli proses ola bilər. Korrupsioner -oliqarxik sistemi dağıtmaq xüsusilə sistem xaricindən gələn qüvvəyə problematik olacaq.