30 Aprel 2019 12:58
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Gürcüstan parlamentinin deputatı Azər Süleymanovla müsahibəni təqdim edir:

- Azər müəllim, son vaxtlar Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları irəli sürülür. Konkret olaraq Keşikçidağ Alban məbədi ətrafında yaranan durumla bağlı fikirləriniz nədən ibarətdir?

- Mən bu haqda mövqeyimi Gürcüstan mediasına da demişəm. İki axmaq və siyasi çəkisi olmayan siyasətçinin özünə siyasi dividend qazanmaq niyyəti olub. Bu səbəbdən də həmin məbədlə bağlı məsələ qaldırıb, azərbaycanlılarla bağlı nalayiq fikirlər işlədiblər. Ancaq bunu Gürcüstan dövlətinin rəsmi mövqeyi kimi qəbul etmək doğru olmazdı. Mən hər iki dövlətə müraciət etmişəm ki, arada olan problemləri tezliklə həll etsinlər və heç kimə imkan verilməsin ki, iki dost və qardaş dövlət arasında şübhə toxumu səpsin, problemlər yaratsınlar. Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında münasibətləri qızışdırmaq və pisləşdirməkdə marağı olan dövlətlər də var. Artıq bu gün Gürcüstanda separatizm yaymaq istəyirlər. Son zamanlar bəzi hadisələr, o cümlədən bizim hakimiyyətimiz dövründə həbsxanaya düşən Şalva Natelaşvilinin hərəkətləri buna sübutdur. Bu adam biz azərbaycanlıları təhqir edərək, bizlərin Orta Asiyadan gəlmə olduğumuzu deyib. Görünür ki, bizim üzərimizdən kimlərsə özləri üçün siyasi dividend qazanmaq istəyir. Hesab edirəm ki, bu iki strateji portnyor dövlət arasında bu kimi hallar yolverilməzdir. Ümid edirəm ki, hər iki dövlət rəhbəri ortada olan kiçik problemlərin həlli üçün addımlar atacaq. Gürcüstan əhalisi separatçı və qiymətsiz siyasətçilərə imkan yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, həm Gürcüstanın, həm də Azərbaycanın torpaqları işğal altındadır. Bizim ərazi bütövlüyü məsələsində problemlərimiz var və arzu etmirik ki, süni məsələlərin şişirdilməsi ilə dövlətlərarası problemlər yaransın.

- Konkret olaraq, Şalva Natelaşvili Gürcüstan siyasətində kimdir, onun rolu və yeri nədən ibarətdir?

- Əvvəla, bu şəxs deputat deyil. Mən bilmirəm, hansı səbəbdən Azərbaycan mediası bu şəxsi millət vəkili kimi təqdim edir. O, heç vaxt deputat olmayıb. Gürcüstanda Leyborist Partiyasının sədridir. Bir növ Gürcüstanın Jirinovskisidir. Kim çox pul versə, ona yaxınlaşacaq. Yəni erməni çox pul versə, erməniyə, azərbaycanlı çox pul versə, azərbaycanlıya işləyəcək. Bu adam yaşamını pulda və kiçik siyasi dividendlərdə görür. Bu adam neçə illərdir ki, siyasətlə məşğuldur, amma bir dəfə də parlament üzvü seçilməyib. Demək olar ki, Gürcüstanın üz qarasıdır. Bu mənada onun dediklərindən nəticə çıxarmaq da doğru deyil. Sözsüz ki, biz də mövqeyimizi ifadə etmişik. Belə kiçik siyasətçilər üzərindən siyasət qurulmamalıdır. Ümid edirəm ki, ortada problem varsa, bu hər iki dövlətin marağı nəzərə alınaraq həllini tapacaq.

- Azər müəllim, ancaq məbədə ilk səfəri Gürcüstan Prezidenti Salome Zurabişvili etdi və məsələ bundan sonra gündəmə gəldi...

- Gürcüstan prezidenti haqqında danışmaq istəməzdim. Əvvəla, ona görə ki, legitim prezident deyil. Üstəlik, hər çıxışı Gürcüstana qarşı çevrilir. Hara addım atırsa, problemə çevrilir. Təsəvvür edin ki, prezident çıxış edib deyir ki, Abxaziya qanqrenadır və onu kəsmək lazımdır. Halbuki Abzaxiya uğrunda minlərlə insan qəhrəmancasına savaşıb, yüz minlərlə qaçqınlarımız olub. Bu xanım prezident isə az qala Abxaziyanı Gürcüstan ərazisi görmür. Üstəlik Cavaxetiyaya gedəndə türklərə qarşı xoşagəlməz ifadələr işlətdi. Bir sözlə, hər addımı ölkəmizə qarşı çevrilir. Açığını deyim ki, bizim qeyri-legitim prezidentimiz var. Elə məbədlə bağlı məsələ prezidentin o əraziyə səfərindən sonra gündəmə gəldi. Biz hesab edirik ki, iki dövlət arasında dostluqdan danışmaq lazımdır, nəinki problem yaratmaq. Görünür, prezident xarici siyasətdə bir işə yaramır.

- Ümumiyyətlə, Gürcüstan parlamentində məbəd məsələsini qaldıran deputat olubmu?

- Xeyr. Parlament səviyyəsində bu məsələ qalxmayıb. Gələn həftə parlamentin toplantısı keçiriləcək, amma zənn etmirəm ki, parlamentdə bu məsələ qalxa bilər. Çünki hər iki tərəf imkan verməməlidir ki, dostluq və strateji müttəfiqlik münasibətləri pozilsun.

- Qəfildən Keşikçidağ Alban məbədi probleminin ortaya çıxmasında üçüncü qüvvələrin əli ola bilərmi?

- Məncə, bu məsələni gündəmə gətirən siyasətçilər ermənipərəstdirlər. Sözsüz ki, burada Rusiyanın da barmağı ola bilər. Rusiyada maraqlıdır ki, bu gün Gürcüstanda stabillik olmasın, Gürcüstanın ən yaxın əməkdaşlıq içərisində olduğu Azərbaycan və Türkiyə ilə problemləri yaransın. Ancaq Gürcüstanda yaşayan azərbaycanlılar olaraq, biz buna imkan vermərik. Biz hər iki ölkə ilə Gürcüstan arasında körpüyük. Gürcüstan bizim vətənimizdir və heç vaxt razı olmarıq ki, bir separatçı Gürcüstan-Azərbaycan münasibətlərində problem yaratsın. Biz bu məsələdə qarantıq. Şəxsən mən Gürcüstanda müxalifəti təmsil etsəm də, bütün çıxışlarım Gürcüstanın ərazi bütövlüyü, suverenliyi haqqında olub. Bu dövlət uğrunda da qanımızı və canımızı verməyə hazırıq. Ancaq gördüyünüz kimi, Şalva Natelaşvili kimi mənasız siyasətçi Gürcüstanın maraqlarını düşünmədən bəyanatlar verir və faktiki iki ölkə arasında problemlər yaratmağa çalışır.

- Hazırda Azərbaycanla Gürcüstan arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Münasibətlər çox yüksək səviyyədədir. Ancaq hər bir ailədə belə insident, problemlər olur və bunu da normal qarşılamaq lazımdır. Problemlər də danışıqlar, dialoq və fikir mübadiləsi ilə həllini tapır. Hesab edirəm ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan kiçik problemlər də danışıqlar yolu və hər iki ölkənin maraqlarına uyğun formada həllini tapacaq. Biz də imkan vermərik ki, iki dost ölkə arasında çat yaransın.


Müəllif: Cavad

Oxşar xəbərlər