2 May 2019 09:34
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə praktiki neçə ildir daimi terrorizmlə mübarizə aparır. Nəinki öz ərazisində, hətta qonşu ölkələrin ərazisində yerli türkdilli əhalini terrorçulardan qorumaq üçün istər Suriyada, istərsə də İraqda anti-terror əməliyyatlar aparmağa məcburdur. Bizə çox oxşar vəziyyətdir. Separatçı adlandırsaq da mənası eynidir, orada Türkiyə, burada Azərbaycan dövlətinə, ərazisinə qarşı çıxış edən qüvvələrdir. Bu təcrübəni istifadə etmək çox vacibdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə bu gün başlayan Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə münasibət bildirərkən deyib.

Ekspert erməni tərəfinin dəfələrlə nə isə baş versə, Azərbaycanın Gürcüstana gedən enerji layihələrinin boru kəmərlərinə zərbə vuracaqlarına dair səsləndirdikləri ittihamları xatırladaq bunun diversant-terrorist əməliyyatı olduğunu deyib: “Bu enerji layihələri istər Azərbaycan, istər Türkiyə, istərsə də Gürcüstan üçün çox vacib obyektlərdir. Bu obyektləri birgə qorumaq lazımdır. Hətta üç ölkənin birgə sülhməramlı qüvvələrinin yaradılması və bu boruların qorunması üçün ideyalar səslənib. Hər təlimin öz tapşırığı və planı olur. Yəqin ki, Azərbaycanla Türkiyə arasında təlim planının içində belə əməliyyatlar da var”.

Türkiyənin Azərbaycanda hərbi baza yaratmasının zəruriliyi barədə səslənən fikirlərə gəlincə, Azad İsazadə hesab edir ki, belə bir bazanın yaradılması üçün heç bir problem yoxdur: “Problem siyasi statusla bağlıdır. Türkiyə NATO ölkəsidir, Azərbaycan Rusiya ilə sərhəddədir, Rusiya pribaltika ölkələrində də, Ukraynada da həmişə NATO qüvvələrinə etiraz edib. Ukraynada hələ yerləşdirə bilməyib, amma NATO-nun Polşaya yaxınlaşması Rusiyanı çox narahat edir. Gürcüstan NATO-ya üzv olmaq istəyirdi, Rusiyanın Gürcüstanla necə rəftar etdiyini gördük. Bu baxımdan Türkiyənin Azərbaycanda hərbi baza yaratması daha çox hərbi deyil, siyasi problemdir. Türkiyə-Rusiya münasibətləri nəzərə alınmalıdır, eləcə də Azərbaycan özünü neytral ölkə kimi elan edib. Vaxtilə biz güclə rus qoşunlarının, bazalarını ölkəmizdən çıxardıq. Söhbət Türkiyədən getmir, hansısa üçüncü ölkənin bazasının Azərbaycanda yerləşdirilməsi sözsüz ki, Rusiya üçün çox ağrılı məsələdir”.

Onun fikrincə, bu, bizim daxili işimiz olsa da, Rusiya faktoru Qarabağda da, Cənubi Qafqazda çox güclüdür: “Əfsuslar olsun ki, bu mənfi faktorla hesablaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər