1 May 2019 18:07
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi. Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu, Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi siyasət sayəsində mümkün olub:

“Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir. Dolayısıyla biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq”.

H.Babaoğlu daha sonra deyib:

“Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini gözardı edə bilmərik. Bura sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar- sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və sair kimi çoxsaylı istiqamətlər daxildir ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial blokda problemlərin kompleks və səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritetlər də daim diqqət mərkəzində olacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər