9 May 2019 09:01
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgə çox təhlükəli dövrə qədər qoyur. ABŞ Prezidenti Donald Trampın düz bir il öncə - 2018-ci il mayın 8-də İranla “Altılıq” ölkələri arasında imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxması, İranın bu gün əks addımlar atması və 60 gün ərzində razılaşma olmayacağı təqdirdə nüvə çalışmalarına yenidən başlayacağını deməsi vəziyyəti gərginləşdirir. Bundan başqa İranda bəzi qüvvələr hakimiyyətə Hörmüz boğazını bağlamağı da məsələhət görürlər. Buna cavab olaraq da Amerika İran sahillərinə “Avraam Linkoln” aviadaşıyıcısını və bombardımançılar qrupunu göndərir. Beləliklə, bir insident bölgədə ciddi toqquşmaya rəvac verə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, hələlik tərəflərdən hansısa birinin geri addım atacağını da söyləmək çətindir:

“ABŞ Prezidenti İrana qarşı sərt siyasət yürüdür. İran da geri çəkilmir. Eyni sərtliklə cavab verir. Demək, bu məqamda vasitəçilərə ehtiyac var. Avropa ölkələri, yaxud başqa dövlətlər vasitəçi olub gərginliyin aradan qaldırılmasına çalışmalıdırlar. Amma çox təəssüf ki, hələlik buna işarə edən bir siyasət ortada yoxdur. Bu gün İranın xarici işlər naziri Cavad Zərif Moskvaya səfər edərək Rusiya ilə müəyyən danışıqlar aparıb. Amma Rusiya bu məsələdə vasitəçi olmaz. Çünki ABŞ Rusiyanı bir vasitəçi kimi qəbul etməz. Rusiyanın özünə qarşı da hazırda ABŞ-ın sanksiyaları qüvvədədir”.

E.Şahinoğlu hesab edir ki, yaşanan gərginliyin bölgə ölkələrinə, o cümlədən Türkiyəyə, Azərbaycana və digər dövlətlərə mənfi təsirləri olacaq:

“Məsələ hansısa yolla razılaşdırılmayanadək bu gərginlik davam edəcək”.

Politoloq hesab edir ki, ABŞ-ın İran neftinin ixracına tətbiq etdiyi sanksiya bu ölkəyə ciddi təsir göstərməyə başlayıb və Tehranın atdığı cavab addımları da bu kontekstdə nəzərdən keçirilməlidir:

“İran neft satışını istər-istəməz azaldıb. Çünki alıcıların sayı getdikcə azalır. Baxmayaraq ki, Çin, Hindistan və Türkiyə kimi böyük dövlətlər İrandan neft alışını davam etdirirlər. Amma bu dövlətlərin özündəki şirkətlər artıq ehtiyatlanmağa başlayıblar. Çünki Amerikanın sanksiyaları ilə üzləşə bilərlər. Böyük şirkətlərin Amerikada yatırımları var, Amerika ilə əməkdaşlıq edirlər. Yəni bu dövlətlər özləri İranla əməkdaşlığı davam etdirəcəklərini, İrandan neft alacaqlarını nə qədər desələr də hiss olunur ki, həmin dövlətlərdə mövcud olan böyük şirkətlər İranla əməkdaşlıqdan çəkinirlər”.

Müsahibimiz deyir ki, İran neftinin satışının getdikcə daha da azalması cənub qonşumuzun iqtisadiyyatına çox ciddi zərbə olacaq:

“Çünki İran iqtisadiyyatının əsasında neftdən gələn gəlirlər dayanır. Elə Amerikanın məqsədi də odur ki, İranı iqtisadi zəmində zəiflətməklə birincisi Tehranın başqa ölkələrə müdaxilələrinə son qoysun. Yəni, başqa ölkələrdə silahlı qruplara dəstəyindən imtinasına nail olsun. İkincisi isə İranda elə bir vəziyyət yaransın ki, hakimiyyət çevrilişi başlasın. Amma ABŞ-ın planları baş tutmaya da bilər. Çünki İran nə İraqa, nə Suriyaya, nə Liviyaya bənzəyir. Burada təlatümlər olsa bunun nəticəsi hamı üçün pis olacaq. Yəqin Amerikada bunu planlaşdırmayıblar”.

E.Şahinoğlu onu da bildirib ki, artıq İranda da məsələyə iki cür baxış var:

“Mühafizəkarlarla liberallar arasında fikir ayrılıqları getdikcə dərinləşə bilər. Mühafizəkarlar hakimiyyətdən qəti addımlar tələb edərkən liberallar məsələni danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını göstərə bilərlər. Amma bir gün həmin o mühafizəkar generallar Hörmüz boğazını bağlamağa qərar verərlərsə bu, qarşıdurmanın başlanğıcı olacaq”.

Həmsöhbətimiz qeyd edib ki, İranla bağlı hadisələrin xoşagəlməz istiqamətdə cərəyan etməsininin Azərbaycana birbaşa deyil, dolayı yolla təsirləri olacaq:

“Birincisi, İranda vəziyyət gərginləşsə bunun İran-Azərbaycan iqtisadi əməkdaşlığına nisbətən mənfi təsirləri ola bilər. İranın Azərbaycana, Azərbaycanın İrana yatırımları var. Bu yatırımların bir hissəsi dondurula bilər ki, bu da iki dövlətin heç birinin maraqlarına cavab vermir. Üstəlik, İranda hərbi toqquşmalar yaransa biz özümüz humanitar böhranla üzləşə bilərik. Orada yaşayan soydaşlarımız Azərbaycana üz tuta bilərlər. Bundan əlavə bizim İranla normal qonşuluq münasibətlərimiz var, Amerika isə tərəfdaşımızdır. Bu iki dövlət arasında gərginlik istər-istəməz bizi çətin seçimə də sürükləyir. Hər iki tərəf seçim etməyi qarşımıza qoya bilər. Xatırlayıram ki, 2000-ci illərin əvvəllərində İsrail-İran münasibətləri gərginləşəndə, İrana qarşı hərbi əməliyyatlardan söhbət gedəndə Tehrandan Azərbaycana qarşı sərt açıqlamalar var idi. Guya Azərbaycan hansısa planın tərkib hissəsidir. Halbuki biz heç bir planda yer ala bilmərik. Yəni bu kimi hadisələr çox təəssüf ki, yenidən təkrarlana bilər”.

Qeyd edək ki, İran nüvə razılaşması üzrə öhdəliklərinin bəzi hissələrini yerinə yetirilməkdən imtina etdiyini açıqlayıb. Rəsmi Tehran bununla bağlı Rusiya, Böyük Britaniya, Fransa Almaniya və Çin səfirlərini məlumatlandırıb. Söhbət zənginləşdirilmiş uran və ağır su ehtiyatlarının məhdudlaşdırılmasından gedir. Tehran razılaşma üzrə sözügedən ölkələrə danışıqlar aparmaq üçün 60 gün verib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər