15 May 2019 16:51
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlıq Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert erməni diplomata sualında Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə diqqət çəkdiyini bildirib:

“Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim. Nazirə sual verdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı, lakin istəyinə nail ola bilmədi.

Bir sözlə, nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi.”


Müəllif: Mənsur Rəğbətoğlu