15 May 2019 17:37
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Soçidən əliboş qayıdıb. Onun Rusiyaya səfəri, hansı şərtlərlə Soçidə müzakirələr aparması ictimaiyyətə məlum deyil. Daha çox Əfqanıstan və Şimali Koreya məsələsinin müzakirə edildiyi deyilir. Ancaq mən təxmin edirəm ki, Pompeo Rusiyaya İran məsələsinə görə gəlib.

Bu sözləri Teleqraf.com-a ABŞ Dövlət katibi Mayk Pompeonun Rusiya səfərini şərh edən “Ayna-Zerkalo” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı deyib.

Müsahibimiz qeyd edib ki, Pompeo Rusiyadan İranın tərəfini tutmamasını istəyirmiş: “Böyük ehtimalla bu istəyi baş tutmayıb. Çünki Rusiyanın da öz şərtləri var. İkincisi, ABŞ-Rusiya münasibətləri kifayət qədər gərgindir. Və belə davam edərsə, tərəflərdən biri sonda “yıxılmalı”dır. Hər halda tərəflərdən biri dayanmalıdır. Hələlik tərəflər müharibə edəsi deyil, söhbət dünyada geosiyasi nüfuzdan, təsirdən və sözsüz ki, bu nüfuzu əldə etmək üçün maliyyədən gedir. Rusiyanın maliyyə problemi böyükdür. Ancaq Rusiyadan fərqli olaraq, Amerikanın bu imkanları var”.

Elçin Şıxlı bildirib ki, ən son xəbərə görə, Çin İran neftini almaqdan imtina edir: “Yəni bunun da ciddi təsiri var. Ola bilsin ki, Pompeo Rusiya səfəri zamanı bildirib ki, Çin İrandan imtina edir, siz də bu xətti seçin. Çinlə ticarət müharibəsinin ola bilsin ki, əsas məqamlarından biri İran olub. Yəni ABŞ mesaj verib ki, Çin olaraq İrandan neft və qaz almayın ki, Çin-Amerika ticarət münasibətləri yüngülləşsin”.

Analitik qeyd edib ki, hazırda Amerika əksər ölkələrlə gərgin münasibətlərə malikdir: “Baxın, Vaşinqton Moskva ilə qurşaq tutub, o tərəfdən İranla, Çinlə qarşıdurmadıdır. Hətta Avropa Birliyi ölkələri ilə yola getmir. Mən heç Şimali Koreya, Venesuela, Suriyanı və Türkiyəni demirəm. Məsələn, Stalin ona görə müharibəni uddu ki, Yaponiyanın müharibəyə daxil olmamasını nail oldu. Əgər Uzaq Şərqdə Yaponiya SSRİ-yə girsəydi, vəziyyət fərqli olardı. Ancaq Stalinin səyi nəticəsində Yaponiya SSRİ-nin ən ağır məqamlarında onun ərazisinə soxulmadı. Sonunda da müttəfiqləri sayəsində ikinci cəbhəni aça bildi. ABŞ Prezidenti Donald Tramp isə eyni zamanda hər yerlə dava edir. Tramp bir ölkə ilə üz-üzə gəlsəydi, bəlkə də istəyinə çoxdan nail olmuşdu və ya ölkələrlə bir-bir qarşılaşsaydı, yenə də uğur əldə etmişdi. Ancaq indi hamı ilə qarşıdurma içindədir və bu da istədiyi nəticəni vermir”.


Müəllif: Cavad

Oxşar xəbərlər