16 May 2019 09:01
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünə dair yayılan məlumatda görüş zamanı Suriya, Şimali Koreya, Liviya, İran və Venesuela məsələsinin müzakirə olunduğu bildirilib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüş zamanı Ukrayna mövzusunun müzakirə olunmadığını açıqlayıb. Ancaq mənə elə gəlir ki, görüşdə başlıca diqqət İran ətrafındakı vəziyyətlə bağlı olub. Çünki hazırda dünyanın diqqətində olan əsas məsələ budur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Rusiya “qolunu çırmayaraq” ABŞ-la İran arasında vasitəçilik missiyasını öz üzərinə götürüb və onları danışıqlar masası ətrafında oturtmağa cəhd edir:

“Görünür ki, Rusiya bu danışıqlardan müəyyən siyasi dividentlər götürmək niyyətinə düşüb və əlini necə deyərlər, İranın “kürəyinə vuraraq” onları danışıqlara ruhlandırıb. Mən hesab edirəm ki, Pompeonun səfəri daha çox İran ətrafındakı vəziyyətlə bağlıdır. Mənim başqa gümanım yoxdur. Zənnimcə, Rusiya İran məsələsində müəyyən vasitəçilik səylərini öz üzərinə götürməklə qeyd etdiyim siyasi dividenti də ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına yönəltmək istəyir. Yəni, Moskva sanksiyaların yumşaldılması, iki dövlət arasında münasibətlərin qaydaya salınması, üstəlik Rusiyanın hansısa Avropa Birliyi ölkəsinə hücum edəcəyi ilə bağlı məsələləri də bu kontekstdə müzakirə edərək Vaşinqtona müəyyən arxayınlıq yaradan vədlər verir, eyni zamanda sanksiyaların götürülməsi məsələsində Avropanın da dəstəyinə nail olmağa çalışır. Hazırda Avropa Rusiyaya tətbiq olunan sanksiyaların yumşaldılmasında xeyli hazırlıqlı görünür. Avropa İttifaqı bu məsələdə ortaya bir təklif çıxsa onu dəstəkləməyə hazır olduğunu dərhal nümayiş etdirəcək”.

Q.Hüseynli qeyd edib ki, Pompeo-Putin görüşündə məsələ İrandan başlayıb, daha sonra böyük bir geopolitik sahəni əhatə edib:

“Zənnimcə, tərəflər bundan sonrakı mərhələdə məsələlərin tənzimlənməsinə cəhd edəcəklər. ABŞ-ın qazancı o olacaq ki, İranı nüvə silahı yaratmaq imkanlarından tamamilə məhrum edən sazişə imza atdırmağa nail olacaq. Rusiyanın qazancı isə o olacaq ki, ona tətbiq olunan sanksiyaların ya yumşaldılmasına, yaxud bundan sonra yeni sanksiyaların gəlməsinə mane ola biləcək dividentlər əldə edəcək. Bununla da müasir dünyamız bir qədər gərginlikdən azad ola bilər. Dünyadakı gərginliyin zəiflədilməsi həm ABŞ-ın, həm Rusiyanın, həm də Avropa və İranın başlıca hədəfidir”.


Müəllif: Səxavət Həmid