“Ərdoğanın gedişindən sonra Konstitusiyaya edilmiş əlavə-dəyişikliklər təftiş olunacaq. Türkiyənin yenidən parlamentar idarəetmə sisteminə qayıtması ehtimalı çox yüksəkdir. Əhməd Davudoğlu da son açlamalarında bunları qeyd etmişdi. Bildirdi ki, Konstitusiyaya edilən dəyişiklik Türkiyəni mənfi istiqamətə yönəldib, Türkiyə yenidən parlamentar respublikaya qayıtmalıdır. Buna görə də düşünürəm ki, Türkiyə daxilindəki siyasi təşkilatlar arasında bununla bağlı anlaşma mümkündür”.
Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis başqanı Azər Qasımlı belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- ABŞ-dan İrana qarşı artan təzyiqlər bu ölkəyə qarşı hərbi əməliyyatların başlaması ehtimalını gündəmə gətirib. Sizcə, Amerikanın İranla bağlı mümkün variantlarında bu ola bilər?
- Prosesin İrana qarşı hərbi əməliyyatların başlamasınadək inkişaf etmək ehtimalı var. Bundan əvvəl ABŞ-ın Suriya və İraqdakı hərbi qüvvələrini çıxarması məsələsi gündəmdə olmuşdu. Amma indi görünən budur ki, ABŞ bölgədə daha da möhkəmlənmək və vəziyyəti o həddə çatdırmaq niyyətində olub ki, İrana müdaxilə etmək daha rahat olsun. İndi də o ehtimal yaranır ki, ABŞ bununla bağlı müəyyən işlər görür. Hətta, Türkiyənin bu məsələlərdə ABŞ-ın yanında yer alması məsələsi gündəmdədir. Yəni, hərbi əməliyyatların başlaması mümkündür, amma çətin kampaniya olacaq. Böyük ehtimalla bu müdaxilə baş tutacaqsa, ABŞ bunun üçün hərbi qüvvələrdən istifadə edəcək. Bunun yaxın zamanda olacağını inanmıram, amma buna hazırlığın getdiyi dəqiqdir. Xarici media bu haqda çox yazır və konkret faktlar yayımlayır.
- Hərbi əməliyyatlar birbaşa ölkə ərazisinə müdaxilə ilə baş verəcək, ya mövqelər Suriya, yaxud İraqda aydınlaşdırılacaq?
- Söhbət konkret olaraq, İrana müdaxilədən gedir. Amma İranın qarşısına şərtlər qoyulub. Şərtlərdən biri budur ki, İran Yəmən, Suriya və İraqdakı proseslərə müdaxilə etməməlidir, dəstək verdiyi qruplara dəstəyini dayandırmalıdır. Bunu edəcəyi halda, ola bilsin ki, İrana müdaxilə olmasın. Amma bu, məsələn, vaxtilə İraqa olan müdaxilə kimi olmayacaq. Hər halda hava hücumundan başqa müdaxilədən söhbət getmir.
- Bu məsələdə ABŞ-ın Türkiyəni öz yanına çəkmək məsələsinə diqqət etdiniz. Bəs, Rusiyanın mövqeyi necə olacaq? Hesab etmək olar ki, bütün vektorlarda ABŞ-la üz-üzə gələn və böyük itkilər verən Rusiya İran məsələsində geri çəkiləcək?
- Rusiyanın istəyi budur ki, İranın bölgədəki mövqeləri zəifləsin, habelə regionda İranla yanaşı, Türkiyədən daha çox söz sahibi olan ölkəyə çevrilsin. Vəziyyət demək olar ki, belədir, Rusiya öz yerini bir qədər də gücləndirməyə çalışır. Amma digər yandan, İranın zəifləməsi ilə ABŞ-ın bölgədə güclənməsini və İranın ABŞ-ın təsiri altına düşməsini də istəmir. Əslində indiki şərtlər daxilində bu, mümkünsüz görünür. Əlbəttə, Rusiya həm İran, həm də ABŞ-ın bölgədə güclənməsini istəmir. Rusiyanın istəyi budur ki, ABŞ ümumiyyətlə, bölgədə olmasın, İran da zəif mövqedə olsun. Buna görə də İran üzərindəki sanksiyaların saxlanması və İrana müdaxilənin edilməməsi Rusiyanın işinə daha çox yarayır. Bu halda Rusiyanın bölgədə əsas güc olmaq, tarixi rəqibi İranın isə küncə sıxışdırılması ehtimalı artır.
- Digər yandan, Suriya başçısı Bəşər Əsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın barışması məsələsi yenidən gündəmə gəlib. Vasitəçilərin isə Tehran və Moskva olduğu bildirilir. Sizcə, belə bir barışıq mümkündür və Ərdoğan hansı şərtlərlə Əsədlə barışa bilər?
- Barışıq mümkündür, sadəcə olaraq, hər ölkənin öz şərtləri var. Əlbəttə, bunun üçün Türkiyənin də öz şərtləri olacaq. Bu şərtlərin başında da kürdləri zəiflədəcək əməliyyatların keçirilməsi dayanır. Digər yandan, Ankaranın Suriya-Türkiyə sərhədlərinə Türkiyənin, yaxud birgə nəzarətin təşkil edilməsi, bunun da beynəlxalq sazişlə təsdiq edilməsi şərti var. Hər halda, Türkiyənin istəyi bundan ibarət olacaq.
Hesab edirəm ki, Bəşər Əsədin özü də bu məsələlərin həllinə açıq ola bilər. Amma ortada Rusiya və İran faktoru da var. Məlumdur ki, hər iki ölkə Əsədə dəstək verir, hazırda Suriya başçısı buna görə hər iki tərəfdən asılı vəziyyətdədir. Yəni, İran və Rusiyanın bu prosesə müdaxiləsi olacaq. Hazırda Əsəd müstəqil formada Türkiyə ilə eyni masa arxasında oturacaq gücdə deyil. Böyük ehtimalla burada söz sahibi Rusiya və müəyyən mənada İrandır. Çox güman ki, bu məsələ Rusiya-Türkiyə münasibətindən asılı olacaq.
- Bəs Ərdoğanın öz taleyi necə olacaq? Bələdiyyə seçkilərindən sonra sabiq dövlət rəsmiləri - Əhməd Davudoğlu və Abdullah Gül yeni partiya qurulması yönündə fəallaşıb. Yəni, daxili təzyiqlər son seçkilərin nəticəsinin ləğv edilməsində iştirak etdiyi iddia edilən Ərdoğana nə vəd edir?
- Baş verənlər Ərdoğana müsbət heç nə vəd etmir. Nəzərdə tutulan yeni partiya qurulsa, qarşıdakı seçkilərdə AKP-nin prosesdən qalib ayrılması ehtimalı çox aşağı olacaq. İkincisi, bu baş versə, yaxın illərdə parlament-prezident qarşıdurması Türkiyə gündəminin əsas müzakirə mövzusu olacaq. Digər yandan, Ərdoğan artıq yaşlanıb, əvvəlki Ərdoğan deyil. Buna görə də, siyasi hərəkətlənmə Ərdoğanın səslərini azaldacaq və aktiv siyasət yürütmək imkanları məhdudlaşacaq. Proses ona doğru inkişaf edir ki, Ərdoğan hakimiyyətdən getmək məcburiyyətində qalacaq. Bu da normaldır, çünki 40 ilə yaxındır siyasətdədir. O, siyasətdə öz sözünü demiş və tarixi qalibiyyətlərə imza atmış şəxsdir. Türkiyənin bundan nə qədər qazanıb, nə qədər uduzduğu başqa məsələdir, amma gördüyü işlər zamanla qiymətləndiriləcək. Hər halda, Ərdoğan Türkiyə tarixində xüsusi yeri və çəkisi olan bir şəxsdir, belə də tarixdə qalacaq. Amma tarixə qovuşmaq məcburiyyətindədir, başqa variantı yoxdur.
Ərdoğanın gedişindən sonra Konstitusiyaya edilmiş əlavə-dəyişikliklər təftiş olunacaq. Türkiyənin yenidən parlamentar idarəetmə sisteminə qayıtması ehtimalı çox yüksəkdir. Əhməd Davudoğlu da son açlamalarında bunları qeyd etmişdi. Bildirdi ki, Konstitusiyaya edilən dəyişiklik Türkiyəni mənfi istiqamətə yönəldib, Türkiyə yenidən parlamentar respublikaya qayıtmalıdır. Buna görə də düşünürəm ki, Türkiyə daxilindəki siyasi təşkilatlar arasında bununla bağlı anlaşma mümkündür.