17 May 2019 20:38
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizi Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirməsi və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulaması təsadüfi deyil. Məsələ ondadır ki, bu gün ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanla iqtisadi-ticarət, həmçinin siyasi-diplomatik münasibət quran hər bir ölkənin, beynəlxalq təşkilatın dövlətimizə münasibəti bu cür olur. Çünki ölkəmiz etibarlı və məsuliyyətli tərəfdaş olduğunu dəfələrlə sübut edib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O qeyd edib ki, aşağı ticarətdən tutmuş qlobal iqtisadiyyatadak baxdıqda iqtisadi münasibətlərdə ən mühüm şərtin etibarlı və məsuliyyətli tərəfdaşlıq olduğunu görmək mümkündür:

“Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş imicinin formalaşması təsadüfi deyil. Mən ilk növbədə demək istəyirəm ki, bu imicin formalaşması Prezident İlham Əliyevin şəxsi xarakterinə söykənir. Çünki Prezident İlham Əliyev həm siyasətçi, həm də dövlət xadimi kimi hər zaman sözübütöv olub, prinsipial mövqedən çıxış edib. Azərbaycan indiyədək üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşıb. Bütün tərəfdaşları ilə qarşılıqlı səmərəli münasibətlər qurub. Prezident İlham Əliyevin bu mövqeyi artıq bütövlükdə dövlətin idarəçilik prinsipi olaraq formalaşıb. Bu mənada Avropa İttifaqı ilə münasibətlər də istisna deyil və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da bunu etiraf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər getdikcə daha da sıxlaşır. Azərbaycan Avropa İttifaqının enerji təchizatında mühüm ölkələrdən birinə çevrilməkdədir. Cənub Qaz Dəhlizinin mühüm komponentləri olan TANAP və TAP layihələri üzrə Azərbaycan qazının alıcısı da Avropa İttifaqı ölkələridir. Azərbaycan 2020-ci ildən etibarən Avropa İttifaqının enerji, xüsusilə mavi qazla təminatında önəmli ölkə olacaq. Bütün bunlar isə ölkəmizin iqtisadi inkişafını, siyasi nüfuzunu təmin edən ən böyük faktorlardır”.
A.Hüseynov qeyd edib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyində yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddiaların əsası yoxdur:

“Ermənistan istisna olmaqla bütün dünya dövlətləri, BMT və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Mən Avropa İttifaqı ilə imzalanması gözlənilən sazişdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məqamın əksini tapacağına tam əminəm. Prezident İlham Əliyev öz prinsipial mövqeyini dəfələrlə bildirib, bəyan edib və bu prinsipləri Azərbaycan xalqının mövqeyi olaraq ortaya qoyub. Dövlət başçısı dəfələlə birmənalı şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü və bütün torpaqları üzərində suverenliyini bərpa edəcək. Ölkəmiz bu mövqeyini sammit zamanı bir daha ortaya qoydu”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər