17 May 2019 19:09
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri, deputat Yevda Abramovla müsahibəni təqdim edir:

- Hazırda İran ətrafında yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- İran ətrafında bu gün müşahidə edilən vəziyyət indiyə qədər heç vaxt olmayıb. Xüsusilə, son on gündə İran ətrafında halqa daha da daralıb. Konflikt artıq münaqişə və müharibəyə gətirib çıxara biləcək durumdadır. Bunun da, obyektiv və subyektiv səbəbləri var.

Səbəb odur ki, İranın uran və nüvə əldə etməsi haqda söhbətlər gedir, habelə ağır suyun, müəyyən reaktiv məhsulların istehsalı, xaricdən idxalı, bəzi dəzgahların gətirilməsi, öz büdcəsindən beynəlxalq terror təşkilatlarını maliyyələşdirmək, beynəlxalq və regional problemlərə yersiz müdaxilə etmək, terrorla qorxutmaq kimi halları ABŞ başda olmaqla Qərb dünyası tərəfindən qəbul edilmir. Və İranı dinc yollarla yerində oturtmaq istəyirlər. Amma təəssüflər olsun ki, rejimin rəhbərliyi bu məsələləri indiyə qədər ciddiyə almayıb. Düzdür, indiki prezident Ruhani əvvəlki İran prezidentləri ilə müqayisədə nisbətən liberal siyasətçidir. Amma İran prezidenti də öz səlahiyyətləri çərçivəsində dini rejimi qarşısında zəifdir.

- Hazırda ABŞ körfəzə böyük ordu və texnika toplayıb. Siz, müharibə ehtimalını necə qiymətləndirisiniz?
- Amerikanın 120 minə qədər əsgəri və təyyarə daşıyan gəmiləri Fars körfəzinə daxil olub. İran ətrafında bir halqa əmələ gəlib və İran yarım-blokada durumundadır. Müharibənin sabah olacağını və ya ümumiyyətlə olmayacağını heç bir siyasətçi və diplomat dəqiq deyə bilməz. Ancaq ölkənin müharibə vəziyyətində olmasını göstərən bütün əlamətlər mövcuddur. Burada söhbət İran dövlət rəhbərlərinin ağıllı, uzaqgörən və düşüncəli siyasətindən gedə bilər. Geriyə çəkilmək üçün yol var. Hələ bütün yollar bağlı deyil. Bu müharibənin qarşısını almaq mümkündür. Ancaq əksi baş versə çox katostrofik müharibə olacaq. Hətta Cənubi Qafqaza da təsiri olacaq. Yəni qonşu ölkələrə də ziyan gələ bilər. Xüsusilə, Azərbaycana təsirləri olacaq. Ən böyüyü isə humanitar fəlakət ola bilər. Biz bunu gözləmirik və arzulamırıq.

- İran ABŞ başda olmaqla Qərbin platformasının təhdidləri qarşısında cəsarətlə duruş gətirir. Bəs İran müharibənin olacağı təqdirdə İsrail, ABŞ və digər müttəfiq ölkələrə hansı priventiv zərbələr endirə bilər?
- İran həm də qorxduğuna görə, cəsarət nümayiş etdirir. Yəni özü də qorxur. Əlbəttə, İran preventiv zərbələr vura bilər, ancaq bundan sonra alacağı zərbələrə sona qədər tab gətirə bilərmi? İran-İraq müharibəsində böyük bir təcrübə toplayan İran dövləti bilməlidir ki, kimə qarşı vuruşur. İran təsəvvür edin ki, dünyanın super gücünə qarşı vuruşur. Hələ bu super gücün yanında balaca olsa da, zəif olmayan və yeni hərblə tam təmin olunan dövlət də var. Preventiv zərbə vurmağa nə var, amma bu qüvvələrin qarşısında dayana, tab gətirə və nəhayətdə belə məsuliyyəti üzərinə götürə bilərmi? Mən bir daha qeyd edirəm ki, dünya siyasətçiləri, mütərəqqi liderlər, dünyanın aparıcı qüvvələri elə etməlidir ki, bu konflikt müharibə səviyyəsinə qədər çatmasın. Müharibədə kimin birinci, kiminsə ikinci zərbə vurması bu gedişatın taleyini həll edə bilməz. Bu II Dünya Müharibəsi deyil. İndiki müharibələrin psixologiyası, taktikası tam başqadır. Ona görə də, əsas silahlardan ən güclüsü ideoloji silahdır ki, insanları psixoloji cəhətdən müharibədən çəkindirə bilər. Bu gün saytlar, qəzetlər, onlayın sistemlər var. Hətta elə sistemlər var ki, əsgərlərin psixologiyasına təsir edə bilər. Bir zamanlar təyyarədən vərəqələr atır, insanları pul və ya yağlı vədlərlə ələ alırdılar. Bu günün müharibələrinin fəlsəfə və psixologiyasını bilmək lazımdır. Mən bir daha deyirəm ki, indi belə bir müharibə əsla arzu edilmir.

- İsrail və İran qarşıdurmadan vaz keçərək əməkdaşlığa gedə bilərmi?
- Nə qədər ki, İran dövləti dinin təsiri altında radikal təmayüllü olacaqsa, fikrimcə, bu halda İsraillə İran arasında dinclik, əmin-amanlığın olması absurddur.

- Ancaq İranda da kifayət qədər yəhudilər yaşayır...
- Bəli, tarixən İranda yəhudilər yaşayıb və hazırda da uzun illərdir ki, yaşayırlar. Orada əsirlərlə yəhudilər olub. Yeri gəlmişkən, bizdə yaşayan dağ yəhudilərinin kökü İrandan gəlmədir. Bu gün də İranda çox görkəmli yəhudi tibb alimləri var ki, ölkə rəhbərliyi və elitar insanların müalicəsi məqsədilə İranda saxlanılır. Tehranda ən güclü xəstəxana yəhudilərindir və girişində Tövratın bir sürəsi də yazılıb. Amma bütövlükdə dövlət siyasətini götürsək İranın İsraili görən gözü yoxdur və onu xəritədən silmək niyyətini də gizlətmir.

- Siz, İranda səfərdə olmuşunuz?
- Xeyir, indiyə qədər olmamışam və bunun da səbəbləri bəllidir.

- Səbəblər nədən ibarətdir?
- Mən İrandan olsam pasportum çox dərindən yoxlanılacaq.

- Niyə?
- Çünki bu diplomatik epitetdir. Mən, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədriyəm. İsraillə İranın diplomatik münasibətləri olmadığı üçün mən diplomatiyaya qarşı çıxa bilmərəm. Qısaca, ölkənin təhlükəsizliyi, gedəcəyim ölkənin mənafeyi, özümün təhlükəsizliyi və digər ciddi səbəblər imkan vermir ki, mən İranda ola bilim.


Müəllif: Cavad

Oxşar xəbərlər