18 May 2019 09:01
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər prioritet təşkil edir. Təsadüfi deyil ki, Avropa İttifaqının 28 ölkəsinin 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Bizim münasibətlərimiz həm iqtisadi-ticarət, həm də enerji və təhlükəsizlik sahəsində xüsusi inkişaf tempinə malikdir. Bir çox fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. Zənnimzə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər, xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü, bu görüş çərçivəsində səslənən fikirlər bir daha nümayiş etdirdi ki, Avropa İttifaqında Azərbaycana yüksək münasibət bəslənilir, Azərbaycanın regiondakı roluna böyük önəm verilir.

Bunu Teleqraf.com saytına açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, D.Tusk Azərbaycan dövlətini ilk növbədə etibarlı və məsuliyyətli tərəfdaş adlandırdı, Azərbaycan dövlətinin regiondakı yerini, rolunu və çəkisini çox yüksək dəyərləndirdi:

“Eyni zamanda cənab İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin xüsusilə enerji və nəqliyyat sahəsində inkişaf etdiyini və ölkəmizin bu sahəyə çox ciddi önəm verdiyini vurğuladı. Bu, həqiqətən də belədir. Çünki Avropanın meqalayihəsi sayılan Cənub Qaz Dəhlizinin reallaşdırılması Azərbaycanın adı ilə bağlıdır və Avropa Azərbaycana yeni, alternativ enerji mənbəyi kimi baxır. Nəzərə alsaq ki, Avropa İttifaqı il ərzində 500 milyard kubmetr qaz istehlak edir və bunun təxminən 130 milyard kubmetrini Rusiyadan, Qətərdən və Norveçdən alır. Azərbaycan bu baxımdan yeni alternativ enerji mənbəyi olaraq Avropa İttifaqı üçün çox böyük əhəmiyyət kəsb edir”.

E.Nəsirovun qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin yüksək inkişaf mənafeyinə xidmət göstərən hadisə Avropa İttifaqının Azərbaycanın üzləşdiyi Ermənistanın təcavüzü ilə bağlı məsələdə tutduğu mövqe ilə bağlıdır:

“Avropa İttifaqının bir çox sənədlərində, o cümlədən 2018-ci ilin iyul ayında Azərbaycanla imzaladığı Tərəfdaşlıq Prioritetləri adlı sənəddə aydın, birmənalı şəkildə vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını tanıyır və mövcud münaqişənin məhz bu prinsiplər çərçivəsində həlli ideyasını müdafiə edir. Yəni, söhbət heç bir halda ermənilərin əllərində bayraq etdikləri xalqların öz müqəddəratını təyinetmə, yaxud güc tətbiqi etməmək və güclə hədələməmək prinsipindən getmir. Məhz ərazi bütövlüyü prinsipini Avropa İttifaqı öz sənədində ifadə edib. Yəni, bütün bunlar onu göstərir ki, bizim münasibətlərimizin inkişafı üçün tərəflərin tutduqları obyektiv mövqe çox böyük rol oynayır”.

E.Nəsirov hesab edir ki, münasibətlərimizin bundan sonrakı inkişafına çox böyük dəstək verə biləcək və inkişafını yeni mərhələyə qaldıracaq sənəd üzərində də işlər yaxın zamanlarda yekunlaşacaq:

“Söhbət strateji tərəfdaşlıq haqqında sazişdən gedir. Bu sazişdə faktiki olaraq enerji və ticarət məsələləri hazırda çox ciddi müzakirə olunur. Azərbaycan təbii ki, ilk növbədə öz milli maraqlarından çıxış edərək öz vətəndaşlarının və şirkətlərinin maraqlarını tam müdafiə etmək əzmini ortaya qoyur. Biz ilk növbədə ticarət sahəsində sağlam rəqabət mühitinin formalaşmasında maraqlıyıq və bu siyasətə sadiqik. Bu da Avroap İttifaqında çox yüksək qiymətləndirilir”.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına – Brüsselə səfəri bir daha Azərbaycanın regionda artan rolunu aydın şəkildə nümayiş etdirib və beynəlxalq təhlükəsizliyə, o cümlədən enerji təhlükəsizliyinə çox ciddi töhfə verdiyini bir daha ortaya qoydu:

“Amma təəssüf ki, bəzi müxalif siyasi dairələr bu səfərə fərqli prizmadan yanaşmaq, rəngləri tündləşdirmək, obyektivlikdən uzaq, yalanla, iftira ilə dolu məlumatlar yaymağa səy göstərmək istəyirlər. Onlar demokratiya, insan hüquqları, sərbəst toplaşmaq azadlığı və sair kimi məsələlərdə guya Avropa İttifaqı ilə Azərbaycanın mövqeyinin üst-üstə düşmədiyi haqda iddialar ortaya qoyurlar. Bu iddialar tam əsassızdır. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Azərbaycanda hələ ulu öndərin zamanında ölüm hökmü, mətbuat üzərində senzura ləğv edilib. Cənab İlham Əliyev də həmin siyasəti davam etdirir. Bu gün Azərbaycanda əhalinin 80 faizindən çoxu azad internetdən istifadə edir, 3 milyon insan sosial şəbəkə istifadəçisidir. Ölkəmizdə onlarla siyasi partiya mövcuddur. Bu gün demokratiyanın atributları mövcuddur, demokratiya ilə bağlı bütün məsələlər ölkəmizdə yüksək şəkildə öz əksini tapmaqdadır. Cənab İlham Əliyevin həyata keçirdiyi həm sosial-iqtisadi islahatlar, həm də məhkəmə-hüquq sistemində islahatlar, eyni zamanda siyasi islahatların dərinləşdirilməsinə dair səsləndirdiyi fikirlər Avropada Azərbaycan haqqında çox müsbət imic formalaşdırıb. Hesab edirəm ki, müəyyən radikal qüvvələrin bundan qayğılanır, narahat olur və xaricdəki bəzi anti-Azərbaycan dairələrin diqtəsi ilə öz ölkələrinə qarşı hədyan və yalan söyləyirlər. Bunlar qəbuledilməzdir. Xalıqımız, ictimaiyyətimiz bunu görür və bilir ki, bu qüvvələrin əsl niyyəti nədir. Azərbaycan demokratik inkişaf yolu ilə gedən dövlətdir və bu yolda bizim Avropa İttifaqı ilə əməkdaşlığımız da inkişaf etməkdədir. Onun çox böyük perspektivləri var”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər