18 May 2019 17:57
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar öz uğurlu nəticələrini verməkdədir. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biridir. Bütün bu islahatlar ölkədə əlverişli biznes mühitinin təmin edilməsinə öz töhfəsini verib. Hazırda ölkəmizdə biznesə başlamaq üçün lazım olan prosedurlar minimuma endirilib, “bir pəncərə” prinsipi tətbiq olunur. Biznes strukturlarının, özəl sektorun fəaliyyəti üçün bütün hesabatların, əməliyyatların onlayn qaydada tətbiq olunması həyata keçirilir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, Dünya Bankının “Doing Business-2019” hesabatında da Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci yerə yüksəlməsi ölkəmizdə aparılan davamlı islahatların öz bəhrəsini verməsinin göstəricisidir:

“Azərbaycan bu gün bir çox sahələr üzrə dünyada inkişaf etmiş ölkələrdən qabaqdadır. Həm qanunvericilik bazasında yaradılmış sadələşdirmə və əlçatanlıq, həmçinin elektron hökumətin yaradılması, məmurlarla biznes strukturları arasında təmasın minimuma endirilməsi təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə gətirib çıxarıb. Bu gün ölkəmizdə aparılan iqtisadi islahatların verəcəyi fayda yaxın gələcəkdə daha da çox olacaq. Düşünürəm ki, ilin sonunadək mövqelərimiz daha da güclənə bilər”.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Doing Business-2020” islahatlarına dair növbəti icmalını hazırlayıb. İcmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunur. Vurğulanır ki, sözügedən dövrdə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam edib , onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, tikintidə “Bir pəncərə”, biznesə başlamaq, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar həyata keçirilib.

İcmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər