22 May 2019 14:23
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Amerika müharibəsində bizim başımız ağrıya bilər. ABŞ vaxtilə İraqı darmadağın etdi. İndi qorxum odur ki, İranla müharibəyə başlasa bunun təsiri bütün regionda hiss olunar. Təsəvvür edin, İranda 10 milyonlarla Azərbaycan türkü yaşayır. Müharibə bu zərbələrin birbaşa bizə dəyməsi deməkdir.

Bu fikirləri Teleqraf.com-a İran-Amerika münasibətlərini şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, ABŞ dünyaya gücünü göstərir: “Biz bunu İraq, Əfqanıstan, Suriya proseslərində müşahidə etdik. Əksər ərəb dövlətlərinin pulu, sərvəti var. Amma ABŞ-ın yanındadırlar, onunla konfrontasiyaya getmir. Əslində İran rəhbərləri düzgün hərəkət etmir. Dünyada böyük dövlətlər, maraqlar var. İran da bu ölkələrdən bəziləri ilə yaxınlıq edir. Amma unudur ki, sabah məğlub olsa Rusiya daxil olmaqla böyük dövlətlərin hər biri İrandan bir ovuc qoparmaq istəyəcək”.

Hüquq müdafiəçisinə görə, bu qarşıdurmada İran İsrailə hər hansı bir ciddi zərbə endirə bilməz: “İsrail öz təhlükəsizliyini elə qurub ki, o, qoruna biləcək. İkincisi, hazırda İsrail və Həmas arasında müqavilə bağlanıb. İsrail özünü qorumağı bacaran dövlətdir. İranın atacağı raketlərdən bəziləri İsrailə düşə bilər, amma böyük əksəriyyətini İsrail zərərsizləşdirəcək.

Üçüncüsü, mövcud vəziyyətdə ancaq Fələstin İranın tərəfindədir. Digər ərəb dövlətlərinin İrana böyük məhəbbəti yoxdur. Bu saat ərəb dövlətləri heç Fələstinə sevgisi və dəstəyi yoxdur... Baxın görün İrandan başqa hansı dövlət Fələstinə kömək edib? İordaniya, Misir, Səudiyyə, BƏƏ və digər ərəb dövlətləri öz problemləri ilə məşğuldur”.

Novella Cəfəroğlu əlavə edib ki, hazırda İsraildə çoxlu ərəb yaşayır: “Mən uzun illər bunu müşahidə edirəm. Təsəvvür edin ki, İsraildə yaşayan bir ərəb belə başqa ölkəyə getməyib. Ancaq başqa dövlətlərdən ərəblər ABŞ-a, Avropaya qaçır. Niyə? Çünki İsraildə iş var, normal qidalanma var, tibbi sığorta var, normal həyat, yaşam var. Ərəblər İsraildə çox gözəl yaşayır. Üstəlik Fələstinin qazı, suyu İsraildən gedir. İran imkan versə Fələstin və İsrail normal yaşayar”.


Müəllif: Cavad

Oxşar xəbərlər