24 May 2019 09:01
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hərbi gərginlik, adətən, neft bazarında qiymətin yüksəlməsinə səbəb olur.

Bunu Teleqraf.com-a iqtisadçı Sabit Bağırov İran və ABŞ arasında qarşıdurmanın dünya bazarına və neftin qiymətinə təsirini şərh edərkən deyib.

Ekspert bildirib ki, belə durum iqtisadiyyata hər zaman mənfi təsir göstərir: “İran neftinin dünya bazarına çıxışını dayandırmaq məsələsi var. İrana sanksiyalar tətbiq olunur. Ancaq unutmayaq ki, dünyada neft ehtiyatları kifayət qədər çoxdur. Yəni gündəlik tələbatı ödəmək məsələsində maneə yaranmayacaq.

İran nefti olmasa digər istehsalatçılar dərhal hasilatı artıracaq. Bu, Səudiyyə Ərəbistanı, Rusiya və ya digər ölkələr ola bilər. Bazarda tələbat varsa, o, mütləq qarşılanır. Sadəcə olaraq burada müəyyən vaxt itkisi dövrü olur.

Mümkündür ki, bu dövrdə dünyada neftin qiymətləri artsın. Amma dünyada neft böhranı yaşanmayacaq”.

Sabit Bağırovun fikincə, indiki dövrdə İran neftinin ixracatının dayandırılması məsələsi birmənalı deyil: “O hissədə ixracatı dayandırmaq olar ki, ticarət açıqdır və sanksiyalardan narahat olan müştəri ölkələr var. Bu halda neftin alışı kəsiləcək. Amma qeyri-leqal satış dayanmayacaq. Eyni zamanda bu sanksiyalarla razılaşmayan ölkələrlə neftin alış-satışı davam etdiriləcək”.

Sabit Bağırov ABŞ-ın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar və onun təsirləri haqqında da danışıb: “Hər şeyi nəzərə almaq çətindir və burda subyektiv amillər də rol oynayır. Subyektiv amillər deyəndə mən müvafiq qərar qəbul edən şəxslərin hissiyyata qapılmasını nəzərdə tuturam.

Açığı, münasibətlərdə müşahidə edilən gərginliyin iqtisadiyyata hansı səviyyədə təsir göstərəcəyini indidən demək çətindir. Düşünmürəm ki, Türkiyə üçün enerji sərfiyyatı ilə təminatda problem yaransın. Çünki başqa mənbələr də var”.


Müəllif: Cavad

Oxşar xəbərlər