Azərbaycanın Fransadakı Səfirliyi İngiltərənin "Arsenal" klubunda çıxış edən Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsinə, bununla əlaqədar tirajlanan məlumatlarla bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, səfirliyin bəyanatında Azərbaycanın erməni futbolçunun Bakıya gəlişinə icazə verməməsi haqqında yayılan fikirlərin yalan olduğu qeyd edilir.
Bəyanatda vurğulanır: "Erməni futbolçusu "Arsenal" ilə "Çelsi" klublarının Bakıda keçiriləcək son oyununa qatılmaqdan imtina edib və bu, onun ilk imtinası deyil. Futbolçu bundan əvvəl də iki dəfə Bakıya gəlməkdən imtina edib. O, 2015-ci ildə Bakıda keçirilmiş "Borussiya Dortmund" - "Qəbələ" və 2018-ci ildə keçirilmiş "Arsenal" - "Qarabağ" komandalarının oyunlarında iştirak etməkdən imtina edib. Futbolçunun bu qərarı onun siyasi fikirlərindən irəli gəlir".
Bəyanatda deyilir ki, o, üç dəfə Azərbaycanın işğal olunmuş ərazilərində olub: "Mxitaryan qondarma Qarabağ rejimi orqanlarının medalı ilə təltif edilib. Bunlar göstərir ki, futbolçu siyasi mövqeyə malikdir və o, bu siyasi mövqeyini futbol karyerasına daxil edib. Öz istəyi ilə Azərbaycancana gəlməkdən vaz keçən oyunçu, bu qərarının məcburi surətdə qəbul etdiyini nümayiş etdirməyə çalışır. Görünür ki, ictimai əlaqələrini gücləndirmək üçün ona belə daha çox sərf edir".
Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti futbolçunun təhlükəsizliyinə rəsmi surətdə zəmanət verib.
Eləcə də Mxitaryanın Bakıya getməkdən imtina etdiyi bir vaxtda iki erməni idmançının Bakıda olduğu deyilir və onlar haqqında ətraflı məlumat verilir.
Bəyanatda idmançılardan başqa Ermənistan siyasi partiyalarının, parlament təmsilçilərinin də Azərbaycanda oduqları haqqında informasiya verilir, onların nəinki təhlükəsizliyinə heç bir təhdidin olmadığı, hətta səfərlərdən razı qayıtdıqları da bildirilir.