1 İyun 2019 14:10
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir. Bu, Andej Dudanın Azərbaycana ilk rəsmi səfəri idi. Dudadan əvvəlki prezidentlər də Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalandı ki, həmin sənəddə əlaqələrin mahiyyəti vurğulanıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Polşa prezidenti İlham Əliyevlə görüşdən başqa biznes konfransda iştirak etdi və polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasimində iştirak etdi:

“İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixi var. Bakının ötən əsrin əvvəllərində inkişafında və müasir görkəm almasında polşalı memarların, mühəndislərin böyük rolu olub. Polşa Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdəndir. Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan ticarət evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var.

Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Və ya Polşa prezidenti Varşavanın Azərbaycanın “bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq”.

Elxan Şahinoğlu bildirib ki, Polşa birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər