“Yunanıstan və Kipr bölgədə Türkiyə ilə problemləri olan ölkələrlə bir-bir strateji anlaşma bağlayır. Bu iki dövlətin İsrail, Misir, Livan və İordaniya ilə belə anlaşmaları daha öncə imzalanıb. Bu anlaşmalar strateji üçlüklər şəklindədir. İndi də Ermənistanı belə bir üçlüyə qatıblar (Yunanıstan - Kipr - Ermənistan). “Bölgədə sülh”, “iqtisadi inkişaf” və sair məqsədlərin altında Türkiyə ilə geopolitik qarşıdurma yatır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Politoloq qeyd edib ki, Türkiyə beynəlxalq münasibətlərdə dövlət kimi tanınmayan Şimali Kipr Cümhuriyyətinin sahilləri yaxınlığında qaz yataqlarını təkbaşına, Kiprin razılığını almadan istismar edəcəyini bildirib və hazırlıq işlərinə başlayıb:
“Türkiyənin Rusiyadan “S-400” havadan hücumlara qarşı müdafiə sistemini almaqda israrlı olmasının güman edilən məqsədlərindən biri də budur – “S-400”-ləri Türkiyənin cənub sahillərində yerləşdirməklə, Kiprin yaxınlığındakı qaz yataqlarını qorumaq. Bundan öncəki “üçlük”lərin hamısı Aralıq dənizi ölkələrindən ibarət olub. Ermənistan bu kontekstdə yeni gedişatdır.
Yunanıstan və Kipr xarici işlər nazirləri açıqlayıblar ki, onlar Ermənistanın Avropa Birliyilə əlaqələrinin güclənməsinə və dərinləşməsinə yardım göstərəcəklər”.
Erkin Qədirlinin sözlərinə görə, Yunanıstan və Kipr üçün Ermənistanla sözügedən üçlü anlaşmanın önəmi o dərəcədə böyük görünür ki, Yunanıstan Ermənistana aşağıda yazacaqlarımla bağlı etirazını bildirməyib:
“Bu günlərdə qondarma “DQR”də çeşidli ölkələrin separatçı bölgələrindən gəlmiş komandalar arasında futbol yarışı keçirilir. Həmin komandaların arasında “Çameria” adında bir komanda da var. Çameria - etnik albanların çoxluq təşkil etdiyi Yunanıstan ərazisidir. Çameriada yaşayan etnik albanlar Yunanıstandan ayrılıb Albaniyaya birləşmək istəyirlər. İndi onların komandası işğal olunmuş torpaqlarımızda, başqa separatistlərlə birlikdə (Abxaziya, Cənubi Osetiya, "DQR" və s.) futbol yarışında oynayır”.
Politoloq Ermənistanın Suriyaya daha bir hərbi heyət göndərməsinə diqqət çəkib:
“Erməni əsgərləri Suriyaya Rusiyanın hərbi-nəqliyyat uçaqlarıyla gediblər. Suriyada formalaşan bu üçlük (Rusiya - İran - Ermənistan) birlikdə orada Türkiyə ilə geosiyasi qarşıdurmada özünə yer etməyə çalışır, Əsəd rejimi bəhanədir.
Bütün bunların ölkəmiz üçün əlavə risklər yaratdığını unutmamalıyıq. Yeri gəlmişkən, bu günlərdə Türkiyə və Azərbaycan əsgərlərinin Naxçıvanda birlikdə hərbi təlimlərə başlaması lap yerinə düşdü”.