13 İyun 2019 14:57
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun Cəbubi Qafqazda fəaliyyətinin genişlənməsi, ilk növbədə Azərbaycanla əlaqələrinin yüksək səviyyəsindən asılıdır. Gürcüstanda hazırda mövqelərini möhkəmləndirən alyansın əsas missiyası Azərbaycan da daxil olmaqla, bölgədə təhlükəsizlik çəmbəri yaratmaqdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Azərbaycanla ikitərəfli əlaqələrə malik olan NATO Türkiyə vasitəsilə ölkəmizlə hərbi əlaqələri inkişaf etdirir:

“Türkiyə və Azərbaycan arasında Naxçıvanda keçirilən hərbi təlimləri NATO-Azərbaycan təlimləri kimi xarakterizə etmək olar. Gürcüstanın da bu kimi təlimlərdə yer alacağının Qəbələdə üç ölkənin müdafiə nazirlərinin görüşündə vurğulanması regionda yeni NATO-nun dəstək verdiyi üçlük ittifaqının qurulmasından xəbər verir.

Hesab edirəm ki, Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq formatı regionda Ermənistanın izolyasiyasını dərinləşdirməklə yanaşı, ölkəmizin müdafiə qabiliyyətini yüksəldəcək.

Türkiyənin iştirakı ilə Gürcüstan və Azərbaycan birgə təlimləri bölgədə yeni situasiya yaradacaq. Əlbəttə, bu format Moskva-İrəvan tandemini narahat edir. Amma Moskva və Ankara arasındakı isti münasibətləri nəzərə alsaq, hələlik Türkiyənin regiondakı fəaliyyəti Moskvanı narahat etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər