16 İyun 2019 23:23
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 il əvvəl Azərbaycanda qızmar bir yay yaşanırdı. Daha doğrusu, yaşanmırdı, ölünürdü.

Bu yayda ölkə yanmağa başlamışdı. Tüstü dövlətin başından çıxırdı. Hər şeyin sonu başlanmışdı. Sələfini çevriliş yolu ilə devirən Elçibəy komandası özü çevriliş aqibətilə üz-üzəydi. Qeyri-peşəkarların bir illik fərsiz idarəçiliyi vəziyyəti o həddə gətirib çıxarmışdı ki, artıq ölkə demək olar ki, xaosa yuvarlanmışdı. Kütləvi etimadsızlıq, etibarsızlıq Azərbaycanı bir dövlət kimi bitirməkdəydi. Təşkilatçılıq qabiliyyəti və professinallığına görə yox, meydanda daha çox və daha hündürdən qışqırdığına görə ali və regional hakimiyyətə gətirilən şəxslər ilk sınaqdaca öz postlarını qoyub qaçmağa başladılar.

Əslində nə baş vermişdi: Azərbaycan Ordusunun 709-cu korpusu adlanan bir silahlı birləşmə var idi. Korpus komandiri Qarabağ müharibəsində ad çıxarmış polkovnik Surət Hüseynov idi. Prezident Elçibəyin əmrilə üstəlik Milli Qəhrəman adına da layiq görülən Surət Hüseynov öz nüfuzu ilə rəsmi Bakıya, onun avtoritetinə hərtərəfli uduzan isteblişmentə ciddi başağrısı vəd edirdi. Surət Hüseynovu mühüm mövqeləri buraxıb geri çəkilməkdə günahlandıraraq xalqın gözündən salmağa çalışan, Kəlbəcərin süqutunu faktiki olaraq bu korpus komandirinin ayağına yazmaqla özlərini məsuliyyətdən kənar saxlamaq istəyən hakimiyyət qüvvələr nisbətini düzgün qiymətləndirə bilmədi. İdeoloji cəbhədə böyük hesabla uduzan Elçibəy rejimi açıq qarşılaşmada da sarsıdıcı zərbə aldı. Tarixdə "Gəncə qiyamı" kimi qalan hadisəni hətta bu gün də o zamankı hakimiyyətin süqutunun əsas səbəbi kimi təqdim edənlər var. Əslində isə Gəncədə baş verənlər səbəb deyil, ölkəni bürüyən böhran pristuplarının, dövləti qəzanın, daxili təlatümlərin təbii nəticəsi idi.

İqtisadi aşınma, orduda demoralizasiya, mənəvi düşkünlük... Bütün bunlar Azərbaycanda əsil idarəolunmazlıq yaratmışdı. Rejim ölkədəki saysız uğursuzluqlarını arxa plana keçirmək üçün həm günah keçisi axtarır, həm də bununla xalqın başını bir müddət qatacağına ümid edirdi. Daha bir zəruri qeydim olacaq. Amma əvvəlcə bu kadrlara diqqətlə baxın. Bu əsgərlər Azərbaycan ordusunun əsgərləridir. İqtidarın birbaşa nəzarətində olan, hökumət qoşunları.

Elçibəy əsgərləri

Surət Hüseynovun nəzarətində olan 709-uncu korpusun şəxsi heyəti isə öz səliqə-səhmanı, intizamı, təminat və təchizatı ilə seçilirdi. Onlar bütün göstəricilər üzrə hökumət qoşunlarını üstələyirdilər. Onlar mülki polkovniki həm də müntəzəm olaraq hiss etdikləri qayğıya görə sevirdilər. Belə bir qeyri-bərabər qarşılaşmada, ümumxalq etinasızlığı, hərtərəfli sükut protesti, cəmiyyətdəki “nə vecimə", vətəndaşdakı cəhənnəməki ovqatı fonunda Elçibəy rejimi təbii ki, məğlub olacaqdı. Amma hakimiyyət məğlubiyyətlə barışmağa hazır deyildi. Ona görə də tərs 709-u ya tabe, ya da məhv etmək planı işə salınmalıydı ki, bir müddət cəmiyyəti nəyləsə maraqlandırmaq mümkün olsun.

Surət Hüseynovu korpusdan kənarlaşdırmaq, bununla da özlərini güclü və mütəşəkkil silahlı müxalifətdən sığortalamaq əsas məqsədə çevrildi. Qeyri-peşəkarlardan, daha çox poetik təşəkkürə hesablanan idelogiya daşıyıcılarından təşkil olunmuş rejimə elə gəlirdi ki, blits-harayla Surəti zərərsizləşdirmək mümkün olacaq və bununla da Qarabağ probleminin həllində güzəştsiz mövqe tutan dikbaş polkovnikdən yaxalarını qurtaracaqlar.

Surət Hüseynovu danışıqlarla yola gətirmək mümkün olmadı. Son görüşə gələn hakimiyyət rəsmiləri isə girov gütürüldülər. Girov götürülənlər arasında Baş prokuror İxtiyar Şirinov da var idi. Və o tarixə düşəcək addım atdı. "Ya öz Prezidentinin həbsinə sanksiyanı, ya da öz ölümünü seç!" tələbi qarşısında Baş prokuror ölümü seçdi...

Bütün bunlar dövlətin qanun şəklinin nə qədər miskin və bərbad olmasından xəbər verirdisə, separatçıların artıq parçaladıqları dövlətin və indi nə qədər dəhşətli səslənsə də, o zamanın saatıyla yanaşsaq, artıq keçmişləşən Azərbaycanın hər bucağında at oynatması, əlinə keçəni ağzına soxması, "harda qırıldı-qırıldı" psixologiyasının heyvani refleksi altında talançılıq sonun başlanğıcı, yox e, sonun sonu idi.

"Ləzgistan" öz zurnasını çala-çala Şimala vağzalı köçü, "Talış Muğan" isə öz Ələkram Hümbətovunu çala-çala siyasi ləvəngi hazırlamışdı. 26 il əvvəlin “Erməni Biləsuvardan bu yana keçməməlidir!” şüarını ömrümün axırınadək unutmayacam. Bu, separatçı Hümbətovun Azərbaycana münasibətinin göstəricisi idi.

Çəkiliş qrupumuzu öz torpağımızda, Qusarda girov götürüb Dağıstana, sadvalçı Qəhrəmanovun əmrilə onun Rus Dram Teatrındakı qərargahına ifadə almaq üçün aparılması da səhnədə hansı qanlı faciənin oynanmasına işarə idi.

1993-cü ilin ac-yalavac vətəndaşı çörəyi laaap Böyük Vətən müharibəsi dövründə olduğu kimi, səhər saat 5-də növbəyə durub almağa başlamışdı. İnsanlar hər addımda üzləşdikləri əli silahlıların qanunsuz tələbləri altında ağılagəlməz tapşırıqları belə yerinə yetirməyə amadə idilər. Ölkə çox qaranlıq idi. Kimin əli kimin cibində idi, bəlli deyildi. Təsəvvür edin, nüfuzlu hissə komandiri öz silahlı dəstəsilə əvvəlcə gizli yolla bir yüksəkliyə qalxır, oradan Bərdəni ermənilərin adından atəş altında saxlayır, sonra isə həmin yüksəkliyə hücum imitasiyası edir, qəhrəman kimi qayıdır və xalqdan əvəzini tələb edir.

Hər rayonun özü ayrıca bir liliput dövlətə çevrilmişdi. Yəni Gəncədə baş verənlər sadəcə olaraq fəsad idi. Dövlətin qanunlarla idarəolunmazlığı özünü hər addımda büruzə verdikcə, Daxili İşlər naziri oğru qanunlarından sitat gətirirdi. Məsələn, rahatca deyilə bilərdi ki, səni və ailəni güllələyib məsuliyyəti də öz üzərimə götürərəm!

Bax, bütün bunlar Azərbaycanın parçalanmasının əsasları idi.

Elçibəyi Surət Hüseynova sevgi yox, Elçibəyə etinasızlıq və laqeydlik yıxdı. Rayonların rəhbərlərinin bir-iki silahlı şəxsin qapını döyməsilə öz kabinetlərindən rahat fərarilik etməsi adi hal idi. Ən maraqlısı budur ki, asayişi qorumalı olan bir polis əməkdaşı qoruduğu icra binasının həyətində bir xəbərdarlıq atəşi belə açmamışdı. Şəxsən yoxlamışam. Bir güllə belə atılmamışdı. Surət Hüseynovun adamları sakitcə gəlir və deyirdilər ki, məsələn, Fındıq bəy, kabineti boşalt! Bu Fındıq bəy də yeni icra başçısına, əmrsiz-filansız buyuran "ağa naçalnik"ə xeyir-dua verir, sağ-salamat ailəsinin yanına qayıtdığına şükür edərək dabanına tüpürürdü. Ona görə də Elçibəy sonradan öz icra başçıları kimi öz kabinetini tərk edərək Kələkiyə qaçanda mən burda təəccüblü nəsə görmədim.

Beləliklə, ölkə parçalanıb. İctimai düşüncə tərzi, milli məfkurə param-parça olub, böyük bir xalq elə hala düşüb ki, bu saat ondan ötrü nəyin necə olmasının əsla əhəmiyyəti yoxdur. Başlıcası budur ki, rejim getsin.

Və indi gəlin bir məsələ barədə də danışaq. Söhbət Ermənistanla müharibə vəziyyətində olan Azərbaycandan gedir. İndi isə bir bu parçaya baxın. Vətəndaş müharibəsinin Gəncə hava limanı ətrafında gedən döyüşlərindəndir. Şakir Eminbəylinin çəkdiyi kadrlardır. Qardaşın qardaşa atəş açdığı, qardaş qanına qəltan etdiyi an.

Azərbaycanın xilas yolu

İndi ağzımızın isti olduğu, çoxumuzun bivec, bəzilərimizin etinasız, bir başqalarının isə hətta vicdansızcasına unutduğu o kadrlar milli-mənəvi ərazimizin heç vaxt qanı qurumayacaq hissəsidir. Azərbaycanın məruz qaldığı çaxnaşma, parçalanma Ermənistana imkan verirdi ki, ta Gəncəyədək gəlib çıxsın. Azərbaycan müstəqilliyini itirməyin beş dəqiqəlik məsafəsində idi. Məmurlara total nifrət elə bir vəziyyət yaratmışdı ki, 1990-cı ilin yanvarında Prezident Aparatının qarşısında simvolik olaraq qurulan dar ağaclarının gerçəyi Elçibəy məmurlarının boğazına biçilirdi. "Biz sizi Azadlıq meydanında asacağıq!" deyirdilər. Və elə bu zaman xalqın təbii özünühifz sistemi işə düşdü. "Ya indi, ya da heç vaxt" hissi xalqı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya, Azərbaycana rəhbərliyə dəvətə vadar etdi.

Heydər Əliyev göydən gəldi. Onu gətirən təyyarəyə açılan əllər Allaha imdad üçün açılan əllərdən az deyildi.

Tarix yazan insan

Heydər Əliyev iyun ayının 15-də rəsmən işə başladı. Fikir verirsinizsə, mən onun fəaliyyətinə Ali Sovetin sədri kimi nominal futlyar təqdim etmirəm. Çünki o, Ali Sovet sədrindən də, Prezidentdən də artıq bir vəzifəni daşıyırdı. Bu vəzifənin adı bilirsiz nə idi? Heydər Əliyev.

Bəli, Heydər Əliyev Heydər Əliyev vəzifəsində çalışmağa başladı. Bizim düşünə, heç vaxt təsəvvür edə bilməyəcəyimiz həcmdə geniş miqyası əhatə edən fəaliyyətə. Bu vəzifənin yükü beş-altı prezidentlikdən artıq idi. Xalq Qurtulmağa başladı. Hər gün bir az. Separatçılardan, qanunsuzluqlardan; hərc-mərclikdən, milli özünəhörmətsizlikdən, ümumxalq aşınmasından. Xalq onu gözləyən böyük fəlakətlərdən, faciələrdən qurtulmağa başladı.

Keçmiş Baş nazir Surət Hüseynovun bu günlərdə müraciəti yayılıb. Mənə maraqlı gəldi. Burda Surət Hüseynov çox maraqlı şeylərdən danışır. Söhbət keçmiş Baş nazirə qarşı Elçibəy rejiminin, 1993-cü ildə hakimiyyətdən qovulmuş şəxslərin irəli sürdüyü ittihamlardan gedir. Biz indiyədək bir tərəfin arqumentlərini eşitmişik. İndi isə imkanımız var ki, keçmiş Baş nazirin mövqeyini dinləyək. Burada səslənən bəzi fikirlərə görə tamaşaçılardan üzr istəyirəm. Amma məncə, bu gün Qarabağ kartı üstündə özünü cəmiyyətə yenidən təqdim etməyə hazırlaşan qüvvələrin keçmişinin maraqlı fraqmenti kimi mütləq baxmalıyıq.

Keçmişin tör-töküntüsü

Belə. Qarabağ məsələsində bu gün hakimiyyəti, Prezidenti günahlandıran "neudaçnik-revanşistlər"ə qarşı kifayət qədər ciddi ifşa məqamları var bu bəyanatda. Təsəvvür edirsiz, həmin insanlar, hansıların ki, tör-töküntüsünün bir qırığı da bu gün Əli Kərimlidir, hakimiyyətdə olsaydılar, bizi, bu ölkəni hansı bəd aqibət gözləyirdi? Nəinki hakimiyyət, heç dövlət belə yox idi.

Məncə, onlar müxalifətçi kimi başlarının üstündə Məhəmməd Əminin, Əbülfəz Elçibəyin yox, Heydər Əliyevin portretini asmalıdırlar. Necə ki, bunu Türkiyədə edirlər. Mustafa Kamalın portreti kimi. Çünki onlar öz salamatlıqlarına, asılmadıqlarına, kütləvi edam edilmədiklərinə görə Heydər Əliyevə borclu olmalıdırlar.

Biz bəzən malik və nail olduğumuza, bəlkə də adət etdiyimizə görə layiq olduğu dəyəri verə bilmirik. Məsələn, anlamırıq ki, sadə vətəndaş üçün adicə kommunal xərci ödəyib, sonra da sahil boyunca hətta boş-boşuna gəzişmək, doğum evindən körpəni və azad olmuş xanımını bəzədilmiş maşınla evə aparmaq, azad, sərbəst bir şəhərdə svetoforda oturub, olsun ki, lap tıxacda gözləmək nə qədər böyük xoşbəxtlikdir. Suriyadan, Liviyadan, Sudandan, Misirdən və başqa inqilabların tırtılları altında qalmış ölkələrdən baxa bilmirik. Ona görə də kənardan baxmağı bacarmaq lazımdır.

Ötən ilin sonunda Çeçenistanın başçısı Azərbaycana gəlmişdi və o zaman mən Qafqazın bir-birinə çox bənzəyən iki nümunəsi barədə danışmışdım. Həm Kadırovu, həm Əliyevi birləşdirən bəzi mühüm detallara toxunmuşduq. Demişdim ki, Ramzan Kadırov varisdir. O atası, nüfuzlu dini-dövləti lider, təhlükəsizliyi uğrunda mübarizə apardığı, xarabalıqlardan qaldırdığı Çeçenistan üçün canından keçmiş Əhməd Kadırovun ideyalarını həyata keçirir. Onun etməyə macal və zaman tapmadığı işləri davam etdirir. Kadırov Çeçenistanının seçdiyi şüar belədir: "Axmad - Sila". Yəni "Əhməd - Güc"!

İlham Əliyev də varisdir. O, atası, dövlət ustadı, xarabalıqlardan qaldıraraq suverenliyi və müstəqilliyi uğrunda mübarizə apardığı Azərbaycan yolunda canını qoymuş Heydər Əliyevin ideyalarını həyata keçirir. Onun etməyə macal və zaman tapmadığı işləri davam etdirir. Əgər Ramzan Kadırov atasının kursunda əhəmiyyət faktoru olaraq güc amilini qabardır və buna görə də cəmiyyətə "Axmad-sila" aşılayırsa, İlham Əliyev atasının kursunu Heydər Əliyev yolu kimi aparır. Amma çoox vacib olan bir qeyd. Çeçenistan başçısı bunu Rusiya Federasiyasının tərkib hissəsinin, ən geniş muxtariyyətə malik bir subyektin rəhbəri kimi, dünyanın ən güclü iki dövlətindən birinin parçasıtək edirsə, Azərbaycan lideri eyni missiyanı tam müstəqil bir respublikanın Prezidenti kimi aparır. O, bütün risk və mürəkkəbliklərə təkbaşına açıqdır. Ancaq bütün bunlara baxmayaraq, Kadırov və Əliyev həm bioloji, həm də siyasi tale oxşarlarıdır.

Bu günlərdə Qroznıda oldum. Çeçenistan lideri Ramzan Kadırovdan müsahibə aldıq. Ramzan Axmatoviç söhbətə Azərbaycan Prezidentinə təşəkkürlə başladı.

Müsahibəni elə bir vaxt aldıq ki, keçmiş sovet məkanında bəzi qüvvələr yeni münaqişə ocaqları üzərində işləyirlər. Kabardin balkarların, inquşların qarışdırıldığı ərazi dəyənəkləşməsi fonunda mən Gözətçi dağımız ətrafında gedən proseslərə olduğu kimi, elə çeçenlərlə dağıstanlılar arasındakı sərt mübahisəni də təsadüf saymıram. Bir ərazi nişanının yerinin dəyişdirilməsi böyük bit həyəcana start verə bilir. Elə bizim də yaxın tariximizi xatırlamaq kifayətdir ki, yadımıza bəzi ərazi mübahisələri düşsün. Bir sözlə, keçmiş sovet məkanında ərazi mübahisələrinin yeni dalğasına start verilib. Belə bir vaxtda Azərbaycan vətəndaşları müdrik və yaşından yaşlı, aqilindən ağıllı olmağı bacarmalıdır. Separatçı meyillər heç vaxt yatmır. Onlar yalnız mürgüləyir. Kiçik bir silkələnmə bəsdi ki, ayılmaq və ayırmaq istəsin. Ona görə də keçmişin artıq urtuqları bir qayda olaraq məndə hansısa neqativ proseslərin yenidən start verməsinə ipucu təəssüratı yaradırlar. Və baxır bu ipucu kimi əlindədi. Tanınmış müharibə operatoru İlham Ələkbərov burdadır. Biz onunla Ağdərədən danışacağıq. Daha doğrusu, görəcəksiz ki, 92-ci ilin ortalarında işğaldan azad edilmiş rayonu necə təhvil-təslim edirik. İlham...

İndi isə tariximizin qiymətli şəxslərindən birini dinləyəcəyik. Milli Qəhrəman Fred Asif.

Batalyon komandiri və həqiqətlər

Fred Asifdən də Qarabağa, son günlər burda baş verən hadisələrə, can verən şəhidlərə keçək. Kimin nəyi nə qədər dolaşdırmaq, süni surətdə mürəkkəbləşdirməsindən asılı olmayaraq, bir bəsit həqiqət var. Bütün bu oyunbazlıqların başında duran əsas oyunu bizə təlqin etməyə çalışır ki, Nikol Paşinyan Ermənistana baxır, Qarabağa yox. Sübut etmək istəyirlər ki, guya Qarabağ Paşinyanı eşitmir, qulaq asmır, tabe olmur.

Fikir vermisinizsə, artıq neçənci dəfədir ki, hər dəfə cəbhədə vəziyyət məhz danışıqlardan sonra kəskinləşir. Ölümlər olur. Snayperlər işə düşür. Və bütün bunlardan sonra qoy məni kimsə inandırsın ki, Paşinyan oğlunu Qarabağdan elə-belə götürüb aparıb, məzə üçün. Mənim nağıl vaxtım çoxdan keçib. Çoxdan bilirəm ki, nəinki 3 alma, ümumiyyətlə, göydəndüşmə heç nə olmur. Ona görə də bayrağımız və bayramımızla baş-başa verək. Düşünək. Müstəqilliyimizin qiyməti, dövlətimizin tarixi hədiyyə olması barədə.

15 iyun Qurtuluş günüdür. Amma bu bayramın şəxsən məndən ötrü əhəmiyyəti 28 Maydan heç də az deyil. Mənə görə Azərbaycanın ikinci müstəqil dövlət tarixi bu gündən başlayır.

Bir şeyi də unutmayaq. Azərbaycan Xalq Cümhuriyyətini qurmağa başlayanlar görün nə qədər idi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, daha kimlər, kimlər...

Heydər Əliyev isə tək idi.

Xalq Cümhuriyyəti yoxdan dövlət yaratmışdı. Əliyev də yox olmaqda olandan dövlət yaratdı.

Salamat qalın.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər