Azərbaycan tərəfi “Keşikçidağ” məsələsində kompromisə hazır görünür. “Keşikçidağ” məbədi Azərbaycan və Gürcüstanın nəzarəti altında ortaq turistik kompleks kimi istifadə oluna bilər. Müxtəlif layihələr çoxdur və variant tapılacaq. Bu məsələyə görə, Gürcüstanla münasibətləri korlaya bilmərik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, “Keşikçidağ” məbədi Sovet dönəmində tamamilə Azərbaycanın tərəfində idi və qışlaq kimi istifadə olunurdu.
Politoloq xatırladıb ki, Sovet Respublikalarının sərhədlərini müəyyənləşdirən inzibati xəritədə və 1964-cü ildə aeroçəkiliş zamanı və yerdə geodeziya işləri aparılarkən məbəd Azərbaycanın sərhədləri çərçivəsində qalıb: “Hazırda məsələnin həlli çətin görünsə də, bu istiqamətdə komissiya yaradılıb və birgə iş aparılır”.