İlin əvvəlində Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq” əminliyi məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlət başçısının əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır.
Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar günü-gündən dərinləşir:
“Prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının ilk növbədə əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən Prezident “neft kapitalını insan kapitalına çevirək” tezisini də irəli sürərkən bu məqamı xüsusi qeyd edib ki, burada söhbət təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır”.
V.Rəhimzadə qeyd edib ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir:
“Dövlət başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Dövlət başçısı İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, atılan bu kimi addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən ölkəmiz öz vətəndaşının yüksək rifahının təminatçısıdır:
“Cənab prezidentin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Hər zaman vətəndaşının yanında olan, onun qayğısı ilə yaxından maraqlanan, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsinin onda böyük ruh yüksəkliyi yaratdığını bəyan edən dövlət başçısına milyonların sevgisi şəksizdir, etimadı tükənməzdir”.