Yaponiyanın Osaka şəhərində dünya liderlərinin iştirakı ilə G20 zirvə görüşü başlayıb. Zirvədə “Qlobal iqtisadiyyat, ticarət və investisiya”, “Rəqəmsallaşma və yenilik”, “Qadınların inkişafı və rolu” və “Ətraf mühit və enerji” mövzuları üzrə müzakirələr aparılacağı nəzərdə tutulub.
Yaponiyaya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trumpla ikilikdə görüşü planlaşdırılıb.
Politoloq Qabil Hüseynli Teleqraf.com-a Osaka görüşü barədə proqnozlarını bölüşüb, Ərdoğanın rusiyalı və amerikalı həmkarı ilə görüşünə dair gözləntilərini söyləyib:
“Əvvəlki inadkarlıq qalarsa, S-400 komplekslərinin alınması ilə bağlı mövqelər dəyişməz qalarsa, Ərdoğan-Tramp görüşünün gərgin keçəcəyi və tez başa çatacağını söyləmək olar. S-400 sistemlərinin alınması iradəsi ortada olacaqsa, Putinlə söhbət uzana, xeyli danışa, oturub çay içə bilərlər. Belə hesab edirəm ki, Türkiyənin maraqları Trampla görüşün konstruktiv alınmasındadır və bu görüşdə mütləq nəticə əldə olunması vacibdir. Türkiyənin geostrateji maraqlarının Trampla görüşdə qorunması həyati əhəmiyyətə malikdir”.