8 İyul 2019 21:44
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran uranın zənginləşdirməsi faizini artırsa və Avropa ilə əlaqələr dayansa bu ölkədə hakimiyyət dəyişikliyi baş verə bilər.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Avropa-İran əlaqələrini şərh edərkən deyib.

Qeyd edək ki, ötən gün rəsmi Tehran bəyan edib ki, uranın zənginləşdirilməsi ilə bağlı 5+1 müqaviləsində nəzərdə tutan həddi keçib.

Politoloq C. Nuruyev isə bildirir ki, İran özü uranın zənginləşdirilməsi həddini keçdiyini elan edib. Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Təşkilatı bununla əlaqədar monitorinq aparmayıb və mövqeyini açıqlamayıb: “Mümkündür ki, İran dövləti qəsdən belə yalan informasiya verməklə qarşı tərəfin nəzərdə tutduğu mövqeni müəyyən etsin, eyni zamanda Avropa və digər dövlətlərin münasibətini öyrənsin. Nəzərə alın ki, ABŞ imzalanan sazişdən çıxdıqdan sonra Çin daxil olmaqla Avropa dövlətlərinə 60 gün vaxt vermişdi. İndi həmin vaxt da tamam olub. İran da başqa çıxış yolu görmür. İran da bir dövlətdir. Necə olur ki, 10 milyon əhalisi olan İsrail nüvə başlığına sahibdir, ancaq İran belə silaha sahib olmamalıdır?”.

Politoloq əlavə edib ki, İran son 40 ili sanksiyalar altında keçirib: “Əgər Avropa İrana qarşı sanksiyaları dəstəkləsə İranda hakimiyyət dəyişikliyi baş verə bilər. Çünki İranda iqtisadi vəziyyət pisləşib. Bu mənada istənilən an İranda 40 il əvvəl baş verən hadisə, yəni inqilab meydana gələ bilər”.

Cümşüd Nuriyev xatırladır ki, İran həddi keçdiyi üçün Avropa dövlətləri tərəfindən tənqid edilib: “Əsas Avropa dövlətləri İrandan bu fəaliyyətini dayandırmağı tələb edir. Aydındır ki, Çin və Rusiya İranın yanında duracaq. Avropa dövlətləri İranla üz-üzə gələ bilər. Nəzərə alınmalıdır ki, Avropanın özündə də vahid mövqeyi yoxdur. Amma bütün hallarda İran ayrı yol tapmır. ABŞ-ın atdığı addımlar İran üçün gözlənilməz olub. Avropa ilə üz-üzə qalması İrana yaxşı heç nə vəd etmir. Bu günə qədər İrana qapılarını açıq saxlayan Avropa ölkələri idi. Onsuz da İranın vəziyyəti ağırdır. Tehran siyasi mənada Avropanı itirsə tamamilə təklənəcək. Yəni İranı Rusiya və Çindən başqa müdafiə edən olmayacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər